Azərbaycanda iqtisadiyyatda muzdla çalışan işçilərin sayı 1520,2 min nəfərə bərabərdir. Bu, 2017-ci il mayın 1-nə olan vəziyyətə aiddir.
Bu haqda Dövlət Statistika Komitəsinin məlumatında yazılır.
Məlumata görə, onlardan 887,4 min nəfəri dövlət sektorunda, 632,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərir.
Muzdla işləyənlərin 22 faizi təhsil, 19,1 faizi ticarət sektorunun payına düşür.
Buna da bax: 'Gənclərin çoxu hökumətin iş verəcəyinə inanmır'
Sənayedə 12,7, səhiyyə, sosial xidmətlərdə 8,6, dövlət idarəetməsi və müdafiə sahəsində isə çalışanlar 7,1 faiz təşkil edir.
Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 520,5 manat olub. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz çoxdur.
Rəsmi statistikaya görə, son bir ayda Azərbaycanda işləyənlərin sayı 5 min nəfərə kimi artıb.
2017-ci il aprelin 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1515,8 min nəfər təşkil etmişdi. Onlardan 889,2 min nəfəri dövlət, 626,6 min nəfəri isə özəl sektorda çalışanlar idi.
Buna da bax: Nazir müavini: 'Azərbaycanda 'boz' əməkhaqları var'
Rəsmi bilgilərin analizi zamanı məlum olur ki, son bir ayda dövlət sektorunda çalışanların sayı 2 min nəfərə qədər azalıb.
Özəl sektorda işləyənlərin sayı isə əksinə, 6 min nəfərdən çox artıb.
Bəzi ekspertlər rəsmi rəqəmlərə şübhə ilə yanaşırlar. Onlar deyirlər ki, neftin qiymətinin kəskin düşməsi, iki devalvasiyanın baş verməsi, 10-dan çox bankın bağlanması və dövlət qurumlarındakı ixtisarlardan sonra rəsmən işsizlərin artmaması inandırıcı deyil. Üstəlik, onlar vurğulayırlar ki, rəsmi göstəricilərə görə, inflyasiya 14 faizə çatıb. Reallıqda bu 20 faiz həddindədir. Belə olan halda əmək haqların 7 faizə yaxın artması heç də qazancın artması anlamına gəlmir.