«Avropa Parlamentində Azərbaycana qarşı belə bir addım atılmasından təəssüf hissi keçirirəm. Qətnamənin mətni ilə tanış olduqdan sonra məndə belə bir təəssürat yarandı ki, bu sənəd yoxlanılıb təsdiqlənməmiş məlumatlar, uydurma faktlar əsasında hazırlanıb».
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov iyunun 15-də Avropa Parlamentində «Əfqan Muxtarlı və Azərbaycanda mətbuatın vəziyyəti» adlı qətnamənin qəbul edilməsini APA-ya dəyərləndirərkən belə deyib.
Z.Əsgərovun deməsinə görə, adıçəkilən qətnamənin qəbul edilməsi onu göstərir ki, Azərbaycanın həyata keçirdiyi müstəqil siyasət Avropada fəaliyyət göstərən antiazərbaycan qüvvələri, xüsusən erməni lobbisini narahat edir:
«Bu qüvvələrin təsiri və təzyiqi altında Avropa Parlamenti kimi ciddi bir qurumun belə bir hərəkətə yol verməsi Azərbaycanda anlaşılmazlıq doğurur. 2016-cı ilin sentyabr ayından Azərbaycan «Avronest»də fəaliyyətini bərpa edib. Azərbaycan Milli Məclisi ilə Avropa Parlamenti arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi bir dövrdə bu cür qətnamənin qəbul edilməsi ikitərəfli münasibətlərə xələl gətirməyə bilməz».
***Buna da bax-İntiqam Əliyev: 'İndi hökumət iki yoldan birini seçməlidir' [video]
Z.Əsgərov bildirib ki, Azərbaycan Avropa Birliyinin üzvü deyil və onun qarşısında heç bir öhdəlik daşımır.
«Avropa Parlamentinin qətnaməsi Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Ümid edirəm ki, Avropa Birliyi, Avropa Parlamentində olan sağlam qüvvələr Azərbaycana yönələn bu cür qərəzli və bədxah hərəkətlərin qarşısını alacaqlar», - Z.Əsgərov vurğulayıb.
XATIRLATMA
İyunun 15-i Avropa Parlamentində həbsdəki jurnalist Əfqan Muxtarlı və Azərbaycanda media azadlığı ilə bağlı qətnamə layihəsi səsə qoyularaq qəbul olunub.
Qətnamədə yazılır ki, araşdırmaçı-jurnalist Ə.Muxtarlı Tbilisidə mayın 29-da yoxa çıxıb və bir neçə saat sonra Bakıda peyda olub:
«Vəkili deyir ki, Əfqan Muxtarlını naməlum adamlar tutub, onlar Gürcüstanın kriminal polisinin uniformasında imişlər. Jurnalisti maşına basıblar, döyüblər və maşını Azərbaycan sərhədinə sürüblər. Üstünə 10 min avro pul qoyublar».
Sənəddə Azərbaycan hakimiyyətinə müraciət edilir ki, təxirəsalınmaz qaydada Ə.Muxtarlıya verilən bütün ittihamları ləğv etsin və jurnalisti azadlığa buraxsın.