'Nardaran işi': ''Bandotdel'də şalvarımı çıxartdılar, sonra...'

Nardaran. İllüstrasiya. Gündüz Ağayev.

"Bandotdel"də şöbə rəisi Kərim Əlimərdanov mənə dedi ki, "prezidenti söymüsən". Mən də cavab verdim ki, nəinki prezidenti, heç kimi söyməmişəm. Mən ümumiyyətlə, söyüş söyən deyiləm", – bunu deyən Elman Ağayevdir.

Elman Ağayev Nardaran hadisələrindən sonra həbs olunub. Hazırda da Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran işi üzrə üçüncü qrupun tərkibində daha 11 nəfərlə birlikdə mühakimə olunur.

İyunun 16-da onların məhkəməsində DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili İslam Ağabəyov dindirilib. O bildirib ki, təqsirləndirilən şəxslərdən Mehman Quliyevin saxlanılmasında və evindəki axtarışda iştirak edib. İş materiallarında iddia olunur ki, M. Quliyevin yaşadığı evdən silah-sursat tapılıb.

Buna da bax:​ Taleh Bağırov AŞPA məruzəçiləri ilə görüşmək istəyir

Vəkillər İ. Ağabəyovdan təqsirləndirilənlər arasında M. Quliyevi göstərməsini istəyiblər. O, Elman Ağayevi göstərib.

“BƏLKƏ DƏ DEMİŞƏM”

Elman Ağayev deyib ki, İslam Ağabəyovu "bandotdel"də şöbə rəisi Kərim Əlimərdanovun kabinetində görüb. Orada onu döyənlərdən biri də Ağabəyov olub: "Kərim Əlimərdanovun otağında dörd nəfər birləşib məni döydülər. Əllərimi bağlamışdılar. Bunların isə əllərində müxtəlif işgəncə alətləri vardı, məni döydülər. Paltarlarımı, şalvarımı çıxartdılar, sonra nə fikirləşdilərsə, dedilər, lazım deyil".

Digər təqsirləndirilən Mehman Quliyev bildirib ki, "bandotdel"də ona da işgəncə verilib. İslam Ağabəyov da orada olub, amma onu döyməyib: "Şəxsən İslam Ağabəyov özü mənə dedi ki, "yüz faiz bilirəm, sən Müsəlman Birliyi Hərəkatının üzvü deyilsən". İndi də bunu təsdiqləyirsiz?"

Buna da bax: Bir nardaranlı məhbus azadlığa çıxdı

İslam Ağabəyov sualı belə cavablayıb: "Mən heç vaxt qəddar olmamışam, başkəsənlik eləməmişəm. Məni tanıyan tanıyır. Belə bir söz dediyimi xatırlamıram. Bəlkə də demişəm. Yadımda deyil".

“ADIMDAN YALAN İFADƏ YAZILMIŞDI”

Başqa bir şahid Fərəc Yusifov isə deyib ki, ondan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ifadə alıblar. İfadədə onun demədiyi fikirləri yazıblar: "Talehgilin işində mənim adımdan yalan ifadə yazılmışdı. Taleh Bağırzadə Nardaranda Əbülfəzgilin evində qalırdı. Orada olanda mən də bir neçə dəfə həmin evə getmişəm. Talehgil ancaq dini söhbətlər eləyirdi. Amma mənim adımdan yazıblar ki, guya onlarda silah olub, çevriliş hazırlayıblar. Mən belə şeylər görməmişəm".

Buna da bax:​ Elçin Qasımov: 'Seyid olduğunu nəzərə alıb çox üstünə getmirəm...'

Şəhla Hümbətova

Dindirmə zamanı bəlli olub ki, Fərəc Yusifov 1999-cu il təvəllüdlüdür, 2016-cı ildə dindiriləndə yetkinlik yaşına çatmamışdı. Qanun yetkinlik yaşına çatmayanların valideynləri və ya başqa qanuni nümayəndə ilə dindirilməsini tələb edir. Amma Fərəc Yusifov BMCMİ-də ifadə verərkən qanuni nümayəndə qismində heç kim iştirak etməyib. Bu səbəbdən də vəkil Şəhla Hümbətova bildirib ki, sözügedən ifadəyə istinad oluna bilməz və o, sübutlar siyahısından çıxarılmalıdır.

Məhkəmə iyunun 19-da davam edəcək.

Buna da bax: Nardaran məhbusu istintaq zamanı şalvarının çıxarıldığını deyir

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Taleh Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir.

Buna da bax:​ Nardaranın Şahbazovlar ailəsinin bir üzvünə də hökm oxundu

Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər.