Vəkil: 'Gözəl Bayramlının ağrıları var'

Sizin brauzer HTML5-i dəstəkləmir

Gözəl Bayramlı ev dustaqlığına buraxılmadı

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin həbsdəki müavinlərindən Gözəl Bayramlının səhhətində ciddi problemlər yarandığı bildirilir.

Bu haqda AzadlıqRadiosuna siyasətçi ilə iyunun 21-də təcridxanada görüşən vəkili Elçin Sadıqov məlumat verib.

Vəkil G.Bayramlının həbs edilənədək müalicə aldığını vurğulayıb:

«O, çənə oynaqlarında çürümə diaqnozu ilə müalicə olunurdu. Müalicə alması mütləq şərtdir. Digər xəstəliklərdən də əziyyət çəkir və qanında da xeyli neqativ hallar aşkarlanıb. Buna baxmayaraq, ona ciddi tibbi yardım göstərilməyib».

Vəkil hesab edir ki, G.Bayramlının kamerada hərəkətsiz qalmağa məcbur olması səhhətində xüsusilə ciddi problemlər yaradıb.

«Bununla yanaşı, ruhi baxımdan möhkəmdir. Amma, çənə oynaqlarındakı ağrılardan, baş ağrısından, ağır revmatizmdən əziyyət çəkir», - deyə o qeyd edib.

Vəkil artıq əlaqəli qurumlara G.Bayramlının müalicə və müayinə olunmasından ötrü müraciət göndərdiklərini bildirib.

Vəkilin açıqlamasına hələlik Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

XATIRLATMA

Gözəl Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Mayın 26-sı Səbail Rayon Məhkəməsinin hökmü ilə o, 3 ay müddətinə həbs edilib.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı bildirilir.

«İş üzrə toplanmış istintaq materialları ilə həmçinin müəyyən edilib ki, Gözəl Bayramlı 2015-ci ilin yanvar ayından hazırkı vaxtadək 41 dəfə Gürcüstana səfərlər edib. Lakin heç bir vaxt üzərində hər hansı pul vəsaitinin olmasını bəyan etməyib», - rəsmi açıqlamada vurğulanır

G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. Gürcüstana isə müalicəsi məqsədilə gedib. Son 2 ildə Gürcüstanda 3 dəfə əməliyyat olunub.

Daha sonra cinayət işi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə verilib.