Büdcə xərcləri 6, gəlirləri 3 faiz artırılır

Samir Şərifov

“2017-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin xərclərində ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə ehtiyac meyarının 105 manatdan 116 manata kimi artırılmasına 32,2 milyon manat yönəldiləcək”.

Bu haqda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 22-də keçirilmiş iclasında maliyyə naziri Samir Şərifov məlumat verib.

Nazir deyib ki, sosial mənzil tikintisi ilə bağlı xərclərin artırılmasına 50 milyon, 14 rayon, şəhəri üzrə uşaq bağçalarının xərclərinə, ilk peşə-ixtisas təhsili müəssisələrinin və bəzi təşkilatlar üzrə əməyin ödənişinin tənzimlənməsinə ümumilikdə 68 milyon manat yönəldiləcək.

Buna da bax:​ Dövlət büdcəsinə dəyişiklik edilir

SOCAR-a 250 milyon subsidiya

Bundan başqa nazir qeyd edib ki, 2016-cı il ərzində SOCAR-ın istehsal etdiyi təbii qazın daxili bazarda maya dəyərindən aşağı qiymətə satışına görə, zərər yaranıb. Həmin zərərin örtülməsinə isə büdcədən 250 milyon manat subsidiya ayrılması nəzərdə tutulur.

11 bankın əmanətçilərinə 546 milyon...

Bundan başqa, lisenziyası ləğv edilmiş 11 bank üzrə əmanətlərin ödənilməsi məqsədilə Əmanətlərin Sığortalanması Fondunun nizamnamə kapitalının 546 milyon manat artırılması təklif edilir.

S.Şərifov həmçinin, dövlət büdcəsinə xarici dövlət borclanmasının yuxarı həddinin artırılmasının təklif edildiyini də bildirib.

Buna da bax:​ Büdcənin gəliri, xərcləri və dövlətin borcu artırılır

Xarici borc 4 milyard artırılır

O, əlavə edib ki, Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması tədbirləri çərçivəsində bankın 2383,4 milyon dollar məbləğində borcları dövlətin üzərinə keçəcək. Həmin borcun ödənilməsi məqsədilə avrobondların emissiyasının həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar 2017-ci il üzrə xarici dövlət borclanmasının yuxarı həddi 4,0 milyard manat artırılaraq 4,5 milyard manata çatdırılacaq.

Büdcəyə ölkədə yol infrastrukturunun tikintisi və yenidənqurulması xərclərinin 36 milyon manat artırılması da təklif edilir.

Bundan başqa xaricdəki diplomatik nümayəndəliklərin, konsulluqların saxlanılması vəsaitlərinin, ehtiyat fond və zəruri xərclərin artırılması təklif olunur.

Buna da bax:​ 'ABB-nin iflası dünya maliyyə bazarını çökdürə bilər'

Dövlət büdcəsi xərcləri ümumilikdə 1041,0 milyon manat artırılaraq 17941,0 milyon manata (6,2 faiz) çatdırılacaq.

Gəlirlər haradan təmin ediləcək?

Yenidən baxılacaq dövlət büdcəsinin gəlirlərinə gəlincə nazir deyib ki, bu məbləğ mütləq ifadədə 16766,0 milyon manat proqnozlaşdırılır. Bu gözlənilən ümumi daxili məhsulun 25,2 faizini təşkil edir. Təsdiqlənmiş proqnozdan 511 milyon manat (3,1 faiz) çoxdur.

Bu, Mərkəzi Bankın mənfəətindən ayırmalar üzrə əlavə 250 milyon, Vergilər nazirliyi üzrə 135 milyon, Dövlət Gömrük Komitəsi üzrə isə 50 milyon manat əldə etməklə təmin ediləcək.

Büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə isə 76 milyon manat toplanması planlaşdırılır.

Buna da bax:​ Ləğv edilmiş banklarda ən çox itirən kimlərdir?

Deputatlar layihəni təsdiqləyərək Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

XATIRLATMA

2017-ci ilin dövlət büdcəsini prezident İlham Əliyev ötən il dekabrın 27-də təsdiqləyib.

2017-ci ilin mövcud dövlət büdcəsinin gəlirləri 16 milyard 255 milyon, xərcləri isə 16 milyard 900 milyon manatdır.

Büdcədə Neft Fondundan transfertlər 6.1 milyard manat həcmində nəzərdə tutulur. Büdcədə gəlirlərin hesablanması zamanı neftin ixrac qiyməti bir barrelə görə 40 dollar nəzərdə tutulub. Hazırda Azərbaycan neftinin bir barreli 45 dollardan yüksək satılır.

Buna da bax:​ Əmanətlərin sığortalanma faizi 15%-ə qaldırıldı

Maliyyə Nazirliyinin məlumatına görə, ötən ilin sonunda Azərbaycanın dövlət borcu 7 milyard dollara yaxın olub.