'İndi çimərliklər o vəziyyətdədirlər ki, turistlər qorxa bilər' – Media icmalı

Dollar

Beynəlxalq idman yarışlarının turizmə təsiri, çimərliklərin vəziyyəti, manatın hazırkı durumu və onun gələcək taleyi bu gün medianın aparıcı mövzularındandır...

MANAT MÖHKƏMLƏNİB, BƏS SONRA?

«Yeni Müsavat» qəzetində «Manat nədən möhkəmlənir?» sərlövhəli məqalədə iqtisadçı-ekspert Qubad İbadoğlunun düşüncələri yer alır.

Q.İbadoğlu bildirilir ki, son zamanlar manatla bağlı mövzuya o qədər də diqqət yetirməyib. Ancaq bu, heç də milli valyuta ilə bağlı müzakirələrin aktuallığını itirdiyi anlamına gəlmir:

«İndiki iqtisadi şərtlər çərçivəsində manatın sabitliyi hələ uzun müddət ictimai əhəmiyyət kəsb edəcək».

Daha sonra iqtisadçı manatın sabitləşməsinə təsir göstərən amillərin üzərində dayanır. Onun fikrincə, buna ilk növbədə idxalın azalması, ixracın isə artması təsir göstərir.

İqtisadçı hesab edir ki, 2017-ci ildə nağdsız əməliyyatların artması və bu sahədə qanunvericiliyin sərtləşməsi manatı möhkəmləndirib.

Q.İbadoğlu vurğulayır ki, manatla depozitlərə görə faiz dərəcələrinin artırılması da bu sabitliyə şərait yaradan şərtlər sırasındadır.

İqtisadçı daha sonra bildirir ki, qonşu ölkələrdə milli valyutaların məzənnəsinin sabitləşməsi və möhkəmlənməsi də Azərbaycan manatına müsbət mənada təsir göstərib.

İqtisadçıya görə, manatın möhkəmlənməsinin lehinə olan bu faktorların sayını bir az da artırmaq olar.

«Amma hazırda məsələ bu amillərin nə dərəcədə dayanıqlı olmasındadır. Bu isə iqtisadiyyatın mövcud durumundan və eyni zamanda aparılacaq islahatların keyfiyyətindən asılı olacaq», - deyə iqtisadçı bildirir.

Şıx çimərliyi

AZƏRBAYCANDA «GÖY BAYRAQ»LI ÇİMƏRLİK YOXDUR

«Exo» qəzetində «Xəzərin kanalizasiya suları və ya niyə bizdə çimərlik turizmi yoxdur?» sualına cavab axtarılır.

Müəllif yazının əvvəlində xatırladır ki, dövlət başçısı İlham Əliyev 2017-2020-ci illərdə çimərlik turizminin inkişafı ilə bağlı sərəncam imzalayıb.

Sərəncam Xəzər dənizinin Azərbaycan sektorundan turizm məqsədləri ilə daha rasional istifadəni nəzərdə tutur. Bu məqsədlə Bakıda və ölkənin bir sıra bölgələrində yeni çimərliklər salınmalıdır.

Müəllifə görə, indi çimərliklər o vəziyyətdədirlər ki, turistlər ancaq onlardan qorxa bilər.

Yazıda vurğulanır ki, aparılan monitorinqlərdə bəzi çimərliklərdə xəstəliyə səbəb ola biləcək bakteriyalar aşkar edilib.

Ekspert Telman Zeynalov deyib ki, Abşeronda çirkli suların töküldükləri yerlər var. Çirkab suları həmin yerlərdən çimmək kimi istifadəyə imkan vermir.

Ekoloq deyib ki, son illərdə dəniz sahili boyunca bahalı villalar və bağ evləri tikilir. Amma dənizdə təmizliyi qorumaqdan ötrü kanalizasiya sistemi quraşdırılmır:

«Aydın deyil, kimsə bahalı villa tikir, amma kanalizasiya sularının təmizlənməsi üçün təmizləyici qurğu qurulmasına pul qoymaq istəmir. Təəssüf ki, bizdə ətraf mühit dəhşətli dərəcədə çirkləndirilir və ona ağır zərbələr vurulur».

Ekoloq hesab edir ki, Abşeron çimərliklərinin durumu heç də ürəkaçan deyil:

«Abşeron çimərliklərinə baxaq, orada demək olar ki, qum qalmayıb, hamısını tikinti ehtiyaclarına sərf ediblər. İndi milyon illər lazımdır ki, hər şey özünün əvvəlki vəziyyətinə qayıtsın. Bunu da demək lazımdır ki, sadə vətəndaşlar da bu çimərlikləri zibilləyir. Hələ burada da bir maarifləndirmə işi lazımdır».

T.Zeynalov deyib ki, Azərbaycan çimərlikləri beynəlxalq miqyasda tanınmayıb:

«Azərbaycanın hələ bir çimərliyi belə, təhlükəsizliyi, ekoloji təmizlik səviyyəsini əhatə etməklə 32 yüksək meyarı özündə birləşdirən «göy bayraq» sertifikatı almayıb».

Formula-1

İDMANIN TURİZMƏ TƏSİRİ

«Azərbaycan» qəzetində isə «Beynəlxalq idman yarışları turizmin inkişafına töhfə verir» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, son illərdə Azərbaycanın idman uğurları artır. Bu da ölkədə beynəlxalq idman yarışlarının təşkilinə imkan verir:

«İdmanın ən çox sıx əlaqədə olduğu sahə turizm sektorudur. Ölkəyə turist cəlb etmək üçün mühüm idman tədbirlərinə ev sahibliyi etmək istəyinin təməlində də məhz bu əlaqə dayanır».

Yazıda vurğulanır ki, idman turizmi Azərbaycanda inkişaf potensialı olan turizm növlərindən biridir. Bu məsələ «Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi»ndə də öz əksini tapıb:

«Turizmdə Azərbaycanın rəqabət imkanları çox yüksəkdir. Təbii sərvətlər, rəngarəng iqlim, zəngin tarixi-mədəni irs cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqaməti elan edib».

Müəllif ötən illər ərzində ölkədə bu istiqamətdə bəzi addımlar atıldığını və bunun nəticəsində turizm sənayesinin yeni mərhələyə qədəm qoyduğunu bildirir.

Yazıda vurğulanır ki, I Avropa, IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməklə Azərbaycan dünyanın həm idman, həm də turizm baxımından diqqətini özünə cəlb edə bilib.