“Ermənistanın artıq 20 ildən çoxdur ki, davam edən işğalçı siyasəti nəticəsində ölkəmizdə bir milyon qaçqın və məcburi köçkün mövcuddur. Bu insanların problemlərinin həlli, onların yaşayış şəraitinin yaxşılaşdırılması, iş, təhsil, tibb və digər xidmətlərlə təmin edilməsi Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir”.
AzərTAC-ın xəbərinə görə, birinci vitse-prezident Mehriban Əliyeva iyunun 27-də qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması mərasimində çıxış edərkən belə deyib.
Buna da bax: Birinci vitse-prezidentdən özəl sektora müraciət
Birinci vitse-prezident vurğulayıb ki, hökumət bütün çadır şəhərciklərinin qısa bir zamanda ləğv edilməsinə nail olub. Onun sözlərinə görə, məcburi köçkün ailələrindən ötrü 100-dək müasir yaşayış kompleksi inşa olunub, dörd yüz mindən çox məcburi köçkün iş yeri ilə təmin edilib.
Öz fəaliyyətində qaçqın və məcburi köçkün ailələrinin problemlərinin həllinə xüsusi diqqətlə yanaşdığını bildirən M.Əliyeva dövlətin bu tədbirlərin icrasından ötrü, ümumilikdə, 6 milyard manatdan çox vəsait ayrıldığını ifadə edib.
“Bu gün Azərbaycanda qaçqın və məcburi köçkünlərə dövlət tərəfindən ayrılmış vəsait nisbət etibarilə dünyanın ən yuxarı göstəriciləri arasındadır. Azərbaycan dövlətinin bu sahədə əldə etdiyi nailiyyətlər, bizim təcrübəmiz artıq, dünyada bir model kimi qəbul olunur”, – o, bildirib.
Buna da bax: Ekspert: 'Bizdə nədənsə ixtisarlar barədə məlumatları yaymırlar'
Bu gün, iyunun 27-də Abşeron rayonunun Masazır qəsəbəsində qəzalı binalarda yaşayan köçkünlərə yeni mənzillərin verilməsi mərasimi keçirilib.
Mərasimdə məlumat verilib ki, Masazır qəsəbəsindəki “Yeni Bakı” yaşayış kompleksində 164 məcburi köçkün ailəsi yeni mənzillə təmin olunub. Mehdiabad qəsəbəsindəki Binəqədi Gənclər şəhərciyində isə 50 məcburi köçkün ailəsi yeni mənzillərlə təmin edilib. Verilən məlumata görə, mənzillər təmirlidir və mətbəx mebelləri ilə təchiz edilib.
Ümumilikdə, bu 214 mənzil Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki “Energetika” pansionatında yararsız tikilidə və Xətai rayonunun Gəncə prospektindəki qəzalı vəziyyətdə olan binada məskunlaşmış məcburi köçkünlərdən ötrü nəzərdə tutulub.