Ə.Orucovun şikayəti yenə təmin olunmadı

Əziz Orucov

Bu gün, iyunun 29-da Bakı Apellyasiya Məhkəməsində «Kanal 13» internet televiziyasının Bakı bürosunun rəhbəri Əziz Orucovun şikayətinə baxılıb.

Bu haqda vəkil Cavad Cavadov bildirib.

Vəkilin deməsinə görə, şikayətdə Ə.Orucov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi istənilib.

«Nəsimi Rayon Məhkəməsi 2017-ci il iyunun 15-də həbsin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətimi təmin etmədi və biz də bu qərardan şikayət vermişdik», - vəkil bildirib.

C.Cavadov deyib ki, iyunun 29-da Bakı Apellyasiya Məhkəməsi də şikayəti təmin etməyib və Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Vəkil deyir ki, ölkə daxilində hüquqi müdafiə tədbirləri yekunlaşdıqdan sonra şikayət Avropa İnsan Hüquqları Məhkəməsinə göndəriləcək:

«Bir daha bildiririk ki, Əziz Orucova elan edilən ittihamın nə praktiki, nə də hüquqi tərəfi mövcuddur, bu ittiham qondarmadır».

XATIRLATMA

«Kanal 13» internet TV-nin təsisçisi bir neçə ildir ki, Almaniyada yaşayan Anar Orucovdur.

«Kanal 13» TV-nin Bakı bürosunun rəhbəri Əziz Orucova mayın 2-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilmişdi. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə müqavimət) maddəsi ilə ittiham edilmişdi.

Ə.Orucovun inzibati cəzası başa çatan gün - iyunun 1-də ona qarşı cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində Ə.Orucov barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Cinayət işi Ə.Orucovun təsisçisi olduğu «Qafqaz Media Təhqiqatları» İctimai Birliyi və «Kanal 13» ilə bağlıdır.

Nəsimi Rayon Məhkəməsi Ə.Orucov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Ə.Orucov təsisçi Anar Orucovun qardaşıdır.