Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Əfqan Muxtarlıdan yeni xəbər var. Jurnalistin tibbi ekspertizadan keçirildiyi bildirilir.
Bu haqda AzadlıqRadiosu-na onun vəkillərindən Nemət Kərimli məlumat verib.
İyunun 30-da təcridxanada jurnalistlə görüşən vəkili vurğulayıb ki, tibbi ekspertiza barədə tələbləri bir xeyli gec yerinə yetirilib.
Buna da bax: Vəkil: 'Deputat Əfqan Muxtarlı işi üzrə dindiriləcək'
“Onu bu gün – döyülməsindən 31 gün sonra tibbi ekspertizadan keçiriblər. Əfqan Muxtarlı deməsinə görə, Tbilisidə öz evinin yaxınlığında oğurlandıqdan sonra Gürcüstan ərazisində işgəncəyə məruz qalmışdı. Ona xəsarətlər yetirilmişdi. Bu haqda ilk gündən tibbi ekspertizanın keçirilməsi barədə vəsatətlər qaldırılmışdı. Qanunla tibbi ekspertiza dərhal keçirilməli idi. Amma bunu 31 gün sonra – Əfqan Muxtarlının xəsarətləri sağaldıqdan sonra ediblər”, – vəkil deyib.
Vəkilin fikrincə, jurnalistin döyülməsi faktını ört-basdır etmək məqsədi ilə tibbi ekspertizanı gecikdiriblər.
Buna da bax: Muxtarlının işi Gürcüstan deputatlarının müzakirəsində
XATIRLATMA
Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.
Ə. Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur.
Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.
Buna da bax: Gürcüstan Muxtarlının cinayət işi materiallarını istəyir
Bakıdakı rəsmi qurumların bildirməsinə görə isə, o sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıb. Bu zaman hüquq mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Rəsmilər hesab edirlər ki, Azərbaycanı sevməyən bəzi qüvvələr bu işi siyasiləşdirməyə çalışırlar.
Məhkəmənin qərarı ilə Əfqan Muxtarlıya ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə. Muxtarlı bir sıra araşdırma yazılarının müəllifi idi.