Yerli vətəndaş cəmiyyətinin bəzi fəalları Açıq Hökumət Tərəfdaşlığı (Open Government Partnership - OGP) beynəlxalq təşəbbüsünün rəhbər komitəsinin Azərbaycanın "qeyri-aktiv” statusunu daha bir il uzatmasını konstruktiv qarşılayıblar.
“OGP-nin qərarı həm Azərbaycan hökumətinin, həm də qeyri-hökumət təşkilatlarının uğurudur”.
Sözügedən qərarı şərh edərkən, yerli Açıq Hökumət Platforması-nın koordinatoru Əliməmməd Nuriyev belə deyib.
Buna da bax: Açıq Hökümət Tərəfdaşlığının Azərbaycanla bağlı tapşırığı var
“Problemlərin mövcudluğunu açıq bəyan edirik”
Onun fikrincə, məsələnin bu şəkildə qoyulması vətəndaş cəmiyyəti institutlarının inkişafı yolunda maneələrin aradan qaldırılmasına şərait yaradır.
“Bu problemlərin mövcudluğunu açıq bəyan edirik və bu barədə hökumətlə açıq müzakirələr aparırıq”, - deyə Nuriyev bildirib.
O daha sonra deyib:
“Xarici donorlardan qrantlar alınması ilə bağlı narahatlıq yaradan məqamların müzakirəsinə, aradan qaldırılması istiqamətində iş aparılmasına ehtiyac var. Vətəndaş cəmiyyətinin bu mövqeyi hökumət tərəfindən də anlayışla qarşılanır”.
Buna da bax: Yeni 'Açıq hökumət' platformasına opponentlərin reaksiyası
2013-cü ildə QHT qanunvericiliyinə edilən çoxsaylı dəyişikliklərdən sonra fəaliyyətini dayandıran Media Hüququ İnstitutunun koordinatoru olmuş Xalid Ağaliyev isə sözügedən qərarın hökumətə münasibətdə “aşırı dərəcədə konstruktiv” olduğunu vurğulayıb.
“Gerçəklik budur ki, bəzi kosmetik addımlar istisna olmaqla,...”
“Hələ ötən ilin martında OGP hökumətə vətəndaş cəmiyyətinin fəaliyyət göstərməsinə əlverişli mühit yaradılması üçün bir il vaxt vermişdi. Gerçəklik budur ki, bəzi kosmetik addımlar istisna olmaqla, verilən vaxtda önəmli işlər görülməyib”, deyən X.Ağaliyev yerli və xarici QHT-lərlə bağlı cinayət işinin qapadılmadığını, əvvəlki problemlərin yerində qaldığını bildirib. “Təbii ki, burda söhbət hökumətə ram olmayan QHT-lərdən, fəallardan gedir”, – o, əlavə edib.
X.Ağaliyevə görə, OGP-nin qərarı qarşıdakı bir ilin önəmini artıracaq.
Buna da bax: Müstəqil QHT-lər alternativ forum yaradır
“Əslində, QHT-lərlə bağlı durumu dəyişmək üçün o qədər də nəhəng addımların atılmasına gərək yoxdur. 2013-cü ildən bu yana qanunvericiliyə əlavə edilən bir neçə mürtəce tənzimləməni aradan qaldırmaq lazımdır. Bunu, bir gündə etmək olar. Gerçəklik isə bundan ibarətdir ki, bu bir günlük işi illərdir ki, etmirlər. Ona görə, qarşıdakı illə bağlı pozitiv düşünmək çətindir”, – o, qeyd edib.
OGP-nin Rəhbər Komitəsi iyunun 28-i Vaşinqtonda keçirilən toplantısında Azərbaycanın qurumdakı qeyri-aktiv statusunu bir il də uzadıb. Bu müddətinin uzadılmasına səbəb ölkədə vətəndaş cəmiyyətindən ötrü mühitin yaxşıya doğru dəyişməməsi göstərilib.
Üstəlik, Standartlar və Meyarlar Alt Komitəsinə 2017-ci il sentyabrın 15-nə kimi Azərbaycan hökumətinə Tələblər Paketi hazırlamaq tapşırılıb.
Buna da bax: 'İndi hansı QHT işgəncələrlə bağlı hesabat hazırlamağa cəsarət edər?!'
12 aylıq növbəti qeyri-aktiv dövr bundan sonra başlayacaq.
Xəbərə görə, 12 aylıq müddət ərzində qoyulan tələblər yerinə yetirilmədiyi halda ölkə qurumdan birdəfəlik çıxarıla bilər.
XATIRLATMA
OGP hökumətlərin hesabatlı və şəffaf idarə edilməsini hədəf götürən nüfuzlu beynəlxalq təşəbbüsdür.
Qurucuları arasında ABŞ və Böyük Britaniyanın da olduğu OGP 2011-ci ilin sentyabrında yaradılıb. Azərbaycan bu təşəbbüsə 2011-ci ildə, öz istəyi ilə ilk qoşulan ölkələrdən olub.
Buna da bax: 'Azərbaycanda QHT-lər ağır böhrandadır'- [Fotolar]
Təşəbbüsün tarixində birlikdəki statusu «qeyri-aktiv» elan edilən ilk ölkə də məhz Azərbaycandır. Bu, 2016-cı ilin martında baş verib.
Azərbaycanın statusunun “qeyri-aktiv” elan edilməsi ilə bağlı qərar ölkədə vətəndaş cəmiyyəti qurumlarının fəaliyyətinə əlverişli mühitin yaradılmaması və QHT-lərə hökumətin basqıları ilə əsaslandırılıb.
Ancaq Azərbaycan rəsmilər ölkə daxilində bu mövzuda verdikləri açıqlamada tənqidlərlə razılaşmadıqlarını bildiriblər.
Bu il martın 9-da Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI - The Extractive Industries Transparency Initiative) Beynəlxalq İdarə Heyətinin Boqoto toplantısında Azərbaycanın bu qurumda fəaliyyəti dayandırılanda da rəsmilər bunu sərt qarşılamışdılar. Üstəlik, ölkənin bu təşəbbüsdən çıxdığı bəyan edilmişdi:
Buna da bax: Mehriban Əliyeva işadamlarını xeyriyyəçiliyə çağırıb, bəs onlar? [video]
“Biz İdarə Heyətinin Azərbaycanın fəaliyyətini dayandırmaqla bağlı qərarını ədalətsiz hesab edirik. Hazırda MHŞT öz ilkin mandatından-hasilat sənayesində şəffaflığın və hesabatlılığın təmin edilməsi istiqamətindən xeyli uzaqlaşıb. Müxtəlif sahələrdə fəaliyyət göstərən qrupların hər imkanda əlaqəsiz faktları təqdim etməsi artıq Təşəbbüsün öz ilkin missiya və məqsədlərindən uzaqlaşdığının göstəricisi hesab edilə bilər», deyə Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun yaydığı bəyanatda vurğulanırdı.