Adambaşına 713 dollar xarici borc düşür

Arxiv fotosu

2017-ci ilin birinci rübündə Azərbaycanın xarici dövlət borcu artıb. Aprelin 1-i üçün xarici dövlət borcu 7 milyard dollar təşkil edib.

Bu haqda “2017-ci il dövlət büdcəsi haqqında” qanuna bir neçə gün əvvəl edilmiş dəyişikliklərdə məlumat verilir.

Xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə 87 milyon dollar artıb.

Məlumata görə, bu il aprelin 1-dək beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə 11,1 mlrd dollar məbləğində kredit sazişləri imzalanıb. Həmin sazişlər əsasında istifadə olunmuş kreditlər 7 mlrd dollardır.

Buna da bax:​ Deputat: 'Dövlətin problemləri həll etmək üçün başqa yolu yoxdur' [video]

Bu kreditlərin 57,3 faizi 10 ilədək ödənilməlidir.

Bir nəfərə düşən xarici dövlət borcu isə 713,5 dollardır.

2017-ci ilin əvvəlində Azərbaycanın xarici dövlət borcu 6,913.2 milyon dollar idi.

Bu məbləğ Ümumi Daxili Məhsulun 20.4 faizini təşkil edirdi.

Bir çox iqtisadçı ekspertlər Azərbaycanın xarici borcları haqda açıqlanan rəsmi rəqəmlərlə razılaşmırlar. Onlar xarici borcun daha çox olduğunu bildirirlər.

Buna da bax: Büdcə xərcləri 6, gəlirləri 3 faiz artırılır

XATIRLATMA

Ötən həftənin sonunda Milli Məclis Azərbaycanın 2017-ci il dövlət büdcəsinə dəyişiklikləri qəbul edib.

Dəyişikliklər gəlir və xərclərlə yanaşı, xarici dövlət borclanmasının yuxarı həddinin artırılmasını da əhatə edib.

İndiyədək büdcədə xarici dövlət borclanmasının yuxarı həddi 500 mln manat nəzərdə tutulmuşdu. Ancaq dəyişiklikdən sonra 9 dəfə çox - 4,5 mlrd manat borclanmaq mümkün olacaq.