Əfqan Muxtarlı işinə görə daha bir jurnalist dindirildi

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi

Bu gün, iyulun 7-də jurnalist İslam Şıxəli Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində iki saat yarımdan artıq dindirilib.

Bu haqda AzadlıqRadiosu-na jurnalistin özü bildirib.

Onun sözlərinə görə, dindirmə jurnalist Əfqan Muxtarlı və Meydan TV internet resursunun fəaliyyəti üzrə cinayət işi ilə bağlı olsa da, ona əlavə suallar da veriblər.

Buna da bax:​ Gürcü politoloq: 'Bizim hakimiyyət növbəti dəfə dəvəquşu pozası alıb'

“Əsasən Əfqan Muxtarlı, “Meydan TV” və onun rəhbəri Emin Milli barədə suallar verirdilər. Bundan əlavə mühacirətdəki yazıçı Günel Mövlud, eləcə də Elmir Mirzoyev barədə də soruşdular. Suallarına bildiyim qədərilə cavab verdim. Əslində bildiyim elə də çox şey yox idi”, - jurnalist deyib.

İslam Şıxəli şahid qismində dindirilib.

Bundan əvvəl jurnalistlər İzolda Ağayeva, Sevinc Vaqifqızı, Aytac Əhmədova, Xədicə İsmayıl, Natiq Cavadlı, Müsavat Partiyasının keçmiş, indiki rəhbərləri İsa Qəmbər, Arif Hacılı və digərləri Ə.Muxtarlı və Meydan TV-nin cinayət işləri üzrə şahid qismində dindiriliblər.

Ötən həftə vəkil Elçin Sadıqov Ə.Muxtarlının işinin Meydan TV-nin cinayət işi ilə birləşdirildiyini açıqlamışdı.

Buna da bax: Jurnalist Əfqan Muxtarlının işinə görə dindirilib

XATIRLATMA

Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izni aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini iddia edir. Dediyinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib.

Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Ə.Muxtarlıya Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə - hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmə, eləcə də 318.1, 206.1 maddələri ilə -sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə ittiham irəli sürülüb.

Buna da bax:​ Vəkil: 'Deputat Əfqan Muxtarlı işi üzrə dindiriləcək'

İki il əvvəl, 2015-ci ildə Meydan TV-nin bəzi rəhbər işçiləri ilə bağlı cinayət işinin açıldığı bildirilmişdi. Onda Meydan TV-nin rəhbəri Emin Milli bunları demişdi: «Artıq bəlli olub ki, Meydan TV-nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (külli miqdarda vergidən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi açılıb. Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində 152006048 saylı cinayət işinin istintaqı aparılır».