Muxtarlının xanımı gürcü polisinin araşdırmalarından narazıdır

Leyla Mustafayeva

Həbsdəki jurnalist Əfqan Muxtarlının xanımı və gürcü vəkili iyulun 12-də Gürcüstanda açılmış cinayət işinin materialları ilə tanış olublar.

Bu haqda jurnalistin xanımı Leyla Mustafayeva bildirib.

O, aparılan araşdırmadan narazı olduqlarını deyib.

“Bizi içində heç nə olmayan cinayət işinin materialları ilə tanış etdilər. Cinayət işi 1800 səhifəlikdir, ancaq içində heç nə yoxdur”, - Mustafayeva deyir.

Buna da bax:​ Nazirlik: 'Muxtarlının səhhətində kəskin vəziyyət aşkar olunmayıb'

O cinayət işi materialları içində müşahidə kameralarının görüntülərinin olduğunu da bildirib:

“Həmin video görüntülərin ikisində Əfqanla bağlı görüntü var. Onun da birinə baxa bildik. Texniki problemlərə görə, ikinci disk açılmadı. Bizə bildirdilər ki, Əfqanın aparıldığı marşrut üzrə Daxili İşlər Nazirliyinin nəzdində olan müşahidə kameraları həmin gün işləməyib. O kameralardan bir dənə də olsun görüntü götürmək mümkün olmayıb. Bizə bildirdilər ki, yollarda quraşdırılan və polisin nəzdində olan kameraların sistemi yenilənir və təmir işləri gedir. Nə baş veribsə məhz həmin gün Əfqanın çörək aldığı mağaza və ona bitişik aptekin də kameraları işləməyib. Əfqanın keçdiyi keçiddəki 10-adək müşahidə kamerası da işlək vəziyyətdə olmayıb”.

Jurnalistin xanımı vəkillərin hüquqi prosedurlara uyğun olaraq gərəkli addımlar atacağını qeyd edib.

Buna da bax: Əfqan Muxtarlının xanımı dinlənildiyini deyir

XATIRLATMA

Jurnalist Əfqan Muxtarlı mayın 29-da müəmmalı şəkildə Tbilisidən Bakıya gətirilib. Jurnalist özü Gürcüstandan oğurlanaraq Azərbaycana gətirildiyini bildirir.

O AR Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinə güc tətbiq etməklə müqavimət göstərmə) ittiham olunub. Bundan sonra jurnalistə qarşı CM-nin daha 2 maddəsi - 318.1 və 206.1 maddələri ilə (sərhədi qanunsuz keçmə və qaçaqmalçılıq) də ittiham irəli sürülüb. Barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Rəsmi Bakı iddia edir ki, Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycanda saxlanılıb və iqtidarın fikrincə, bu məsələni siyasiləşdirmək düzgün deyil.

Buna da bax:​ Gürcü politoloq: 'Bizim hakimiyyət növbəti dəfə dəvəquşu pozası alıb'

Əfqan Muxtarlının Azərbaycan gətirilib həbs edilməsi ilə bağlı Gürcüstanda da cinayət işi açılıb. Bu ölkənin prezidenti jurnalistin xanımını qəbul edərək şikayətlərini dinləyib.