“Ana ölümü qanaxma nəticəsində baş verib”.Sumqayıt Şəhər Səhiyyə İdarəsindən iyulun 11-də doğuşdan az sonra həyatını itiriən gənc qadının ölüm səbəbini belə izah ediblər.
İdarədən deyilib ki, ana Gülsüm Əliyeva iyulun 11-də 2 saylı Doğum Evinə gətirilib, o burada üçüncü övladını doğub.
İdarədən verilən xəbərə görə, doğuşdan sonra anada qanaxma başlayıb: “Qanaxmanı dayandırmaq mümkün olmadığı üçün xəstə əməliyyata götürülüb, itirilmiş qan bərpa olunub, damarları tikilib. Bütün səylərə baxmayaraq qanın laxtalanmasının qarşısını almaq mümkün olmayıb”.
Bununla belə, Sumqayıt Şəhər Səhiyyə İdarəsindən deyirlər ki, 29 yaşlı qadının ölüm səbəbi yalnız ekspertiza rəyindən sonra məlum ola bilər.
Gülüm Əliyevanın yaxınları onun ölümünü həkim səhlənkarlığı ilə əlaqələndirirlər.
Səhiyyə Nazirliyindən AzadlıqRadiosuna bildiriblər ki, hazırda doğuşdan sonra qanaxmadan öldüyü deyilən Gülsüm Əliyevanın ölüm səbəbi araşdırılır, araşdırma başa şatdıqdan sonra ictimaiyyətə açıqlama veriləcək.
G.Əliyevanın meyiti Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinə təhvil verilib.