Ombudsman aparatı 3 dustaq haqqında məlumat yayıb

Arxiv fotosu

“Gözəl Bayramlı, Əfqan Muxtarlı, Əziz Orucov müəssisə əməkdaşlarının onlarla rəftarından şikayət etməyib”.

Ombudsman aparatının Milli Preventiv Qrup (MPQ) üzvlərinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına baş çəkməsi ilə bağlı yaydığı məlumatda belə deyilir.

Məlumatda MPQ üzvlərinin adıçəkilən təcridxanada AXCP sədrinin müavini Gözəl Bayramlı, jurnalistlər Əfqan Muxtarlı və Əziz Orucovla görüşdükləri bildirilir. Həmçinin qeyd olunur ki, onlar konfidensial qaydada dinlənilib, müraciət və qaldırdıqları məsələlər yerində araşdırılıb.

Buna da bax:​ Ombudsman Aparatının üzvləri Qiyas İbrahimovla görüşüb.

“Qəbul edilmiş şəxslər müəssisə əməkdaşlarının onlarla rəftarından şikayət etməyib. Bəziləri barələrində aparılan istintaqdan narazılıqlarını bildiriblər. Hər bir şəxsə qaldırdıqları məsələlər üzrə hüquqi məsləhətlər verilib, sənədləri araşdırılıb, hüquqları, müvafiq qanunvericiliyin tələbləri izah edilib. Ombudsmana ünvanlanmış ərizələri qəbul olunub və bir sıra müraciətlər yerində təmin edilib”, - məlumatda deyilir.

Ombudsman Aparatı bildirir ki, başçəkmənin nəticəsi ilə bağlı aidiyyatı qurumlara müraciət olunacaq.

MPQ üzvlərinin görüşdüyü hər 3 saxlanılan şəxs bundan öncə saxlama şəraitlərindən, təcridxanada hüquqlarının pozulmasından şikayət ediblər.

Buna da bax: Ombudsman aparatı: 'Mehman Hüseynov... futbol oynayır'

XATIRLATMA

AXCP sədrinin müavini Gözəl Bayramlı Gürcüstandan qayıdarkən saxlanıb. Onun barəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib. Rəsmi məlumatda onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar tapıldığı bildirilir.

Gözəl Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar və onun həbsi siyasi xarakter daşıyır, Gürcüstana isə müalicə məqsədilə gedib.

Jurnalist Əfqan Muxtarlı isə bildirir ki, Tbilisidən oğurlanaraq Azərbaycana gətirilib. O, AR Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə güc tətbiq etməklə müqavimət göstərmə), 318.1 (sərhədi qanunsuz keçmə) və 206.1 (qaçaqmalçılıq) maddələri ilə ittiham olunur.

Buna da bax:​ Vəkil müvəkkili olduğu üç saxlanılandan danışdı

Azərbaycanda təqibdən qaçaraq iki il Gürcüstanda yaşamış Əfqan Muxtarlı ittihamları rədd edir.

«Kanal 13» internet resursunun Bakı bürosunun rəhbəri Əziz Orucova mayın 2-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilmişdi. İnzibati cəza başa çatan gün - iyunun 1-də ona qarşı cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində Ə.Orucov barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.