Nigahöncəsi yoxlamadan keçənlərin uşağı xəstə doğuldu

arxiv

Ata: "Evləndik, bir övladımız oldu, 3 aylığında Pənahın səhhəti ağırlaşdı"

"Hələ də məəttəl qalmışıq, bu necə ola bilər?.. Bizim qanımız necə müayinə olunub ki, bu boyda xəstəliyin daşıyıcısı ola-ola, hər ikimizin sağlam olduğunu qeyd ediblər... Əgər etdikləri analiz budursa, nəyə lazımdır o qanun? Məmurların əlavə pul tələsidir... Axı biz nigaha girməmişdən əvvəl qan analizi verdik, nəticələr "əla" çıxdı. Hər halda bizə belə dedilər və belə arayış verdilər. Evləndik, bir övladımız oldu - talassemiya daşıyıcısı...".

Cəlilabadın Uzuntəpə kəndində yaşayan Rüstəm Əzimovun sözləridir.

2 il əvvəl Rüstəm bəy Səkinə adlı xanımla ailə qurub. Yeni qanunlara əsasən, hər iki tərəf nigahdan əvvəl qan analizi verib. Elmi Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutundan cütlüyə sağlamlıq barədə arayış verilib. Rüstəm bəy təəssüflə danışır:

"Hər ikimizə gələn arayışlara görə, sağlamıq və qanımızda heç bir problem aşkar olunmayıb. Evləndik, bir övladımız oldu, 3 aylığında Pənahın səhhəti ağırlaşdı. Həkimlərə müraciət etdik, məlum oldu ki, körpəmizdə irsi qan xəstəliyi var. Həkimlərin məsləhəti ilə Respublika Talassemiya Mərkəzində növbəti dəfə qan analizləri verdik. Sən demə, hər ikimiz talassemiya xəstəliyinin daşıyıcısıyıq".

Atanın sözlərinə görə, balaca Pənaha hər həftə qan köçürülür. Hər dəfə bu proses zamanı halı pisləşir, əziyyət çəkir:

"Biz sağlam övladlar yetişdirmək arzusuyla evlənmişdik. Bilsəydik ki, nə vaxtsa övladımız gözümüzün qarşsıında əriyəcək, məhv olacaq, - evlənməzdik".

Buna da bax: 1 ayda evlənmək istəyən 7 nəfərdə AIDS tapılıb

“SON SÖZÜ ARAŞDIRMADAN SONRA DEYƏCƏYİK"

Üç yaşlı Pənah və valideynləri Talassemiya Mərkəzində qeydiyyata alınıblar. Elmi Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutundansa məsələnin kökündən araşdırılmasına ehtiyac olduğunu bildiriblər: "Təcrübədə belə hala rast gəlinməyib. Yenə də hesab edirik ki, ən müasir avadanlıqlarla həyata keçirilən müayinələrin nəticələri səhv ola bilməz. Bu barədə bizə artıq məlumat daxil olub və son sözü araşdırmalardan sonra deyəcəyik".

Hüquqşünas Vaqif Alıyev deyir, valideynlər vaxtilə institutun onlara verdiyi sənəd əsasında məhkəməyə müraciət edə bilərlər: "Aydın məsələdir ki, irsi xəstəliklər sonradan yaranmır, talassemiya da irsi xəstəlikdir. Valideynlərdən biri daşıyıcısı olmasa, körpə o xəstəliklə doğula bilməz. Valideynlər instituta qarşı iddia qaldıra bilərlər".