Lapşin son sözünü dedi

Lapşin

Azərbaycanda həbsdə olan əcnəbi blogger Aleksandr Lapşin deyib ki, ona qarşı elan olunan ittihamlarla özünü günahkar saymır, sadəcə istəmədən azərbaycan xalqına mənəvi ziyan vurub. İyulun 19-da məhkəmədəki bloqqer son sözünü deyib:

"Amma ona görə peşmanan ki, özüm də istəmədən Azərbaycan xalqına mənəvi zərbə vurmuşam. Xüsusən işğal olunmuş ərazilərdən didərgin düşənlərə. Günahım Azərbaycan qarşısında mənəvi müstəvidədir, hüquqi müstəvidə yox.

Peşmanam ki, bloqqer kimi Qarabağa səfər edəndə erməni mənbələrindən məlumatlar almışam. Amma heç vaxt Azərbaycana nifrətim olmayıb. Ümid edirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü qısa zamanda bərpa edəcək, Qarabağ münaqişəsi Azərbaycanın xeyrinə başa çatacaq."

Məhkəmə iyulun 20-də davam edəcək. Prokuror onun 6 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Rusiya, İsrayil və Ukrayna vətəndaşı olan Aleksandr Lapşin bu ilin yanvarında Belarusdan azərbaycana gətirilib, həbs edilib. Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlarda, sərhədi qanunsuz keçib Qarabağa getməkdə suçlanır.