'Təcridxanada jurnalistə nə ventilyator verirlər, nə də pəncərə açmağa qoyurlar'

Əziz Orucov

«Kanal 13» internet televiziyasının Bakı bürosunun rəhbəri Əziz Orucovun saxlanıldığı istintaq təcridxanasında qeyri-insani rəftara məruz qaldığı bildirilir.

Bu haqda bu gün, iyulun 24-də telefonla həbsdəki jurnalistlə əlaqə saxlamış xanımı Lamiyə Orucova məlumat verib.

Buna da bax:​ Ombudsman aparatı 3 dustaq haqqında məlumat yayıb

“Əziz Orucov artıq, 3 aydır ki, həbsdədir. Bu müddət ərzində bir dəfə də olsun mənə nəsə barədə şikayət etməmişdi. Görün, indi onu nə həddə çatdırıblar ki, mənə təcridxanada onu incitmələri barədə bildirir”, – deyən xanımının sözlərinə görə, Ə.Orucov təcridxanada ayrı-seçkiliyə məruz qalır.

“Çöldə 40 dərəcə istilik olmasına, kamerada hamının pəncərəsi açıq olmasına baxmayaraq, Əziz Orucovun pəncərəsini açmağa icazə vermirlər. Hamının otağında “ventilyator”u var, ancaq ona pəncərəni açmağa da icazə vermirlər”.

Xanımı deyir ki, Ə.Orucovun yazdığı məktubları da göndərməyə qoymurlar.

Buna da bax: Ə.Orucovun şikayəti yenə təmin olunmadı

Təcridxana təkzib edir

Ə.Orucovun saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından isə jurnalistin durumu ilə bağlı söylənilənləri təsdiqləməyiblər.

Təcridxanadan deyiblər ki, heç bir saxlanan şəxsə fərq qoyulmur. “Saxlanan şəxslərə ayrı-seçkilik edilməsi, onların hüquqlarının pozulması haqda deyilənlər doğru deyil. Qanunvericilik onların hüquqlarını müəyyən edib və bu hüquqlar təmin olunur”, təcridxanadan deyiblər.

XATIRLATMA

«Kanal 13» TV-nin Bakı bürosunun rəhbəri Əziz Orucova mayın 2-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilmişdi. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə müqavimət) maddəsi ilə ittiham edilmişdi.

Buna da bax:​ RSF: 'Azərbaycanda olan-qalan tənqidi jurnalistlər də əzilir'

Ə.Orucovun inzibati cəzası başa çatan gün - iyunun 1-də ona cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində Ə.Orucov barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Cinayət işi Ə.Orucovun təsisçisi olduğu «Qafqaz Media Təhqiqatları» İctimai Birliyi və «Kanal 13» ilə bağlıdır.

Nəsimi Rayon Məhkəməsi Ə.Orucov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Jurnalist ittihamları qəbul etmir.

«Kanal 13» internet TV-nin təsisçisi bir neçə ildir ki, Almaniyada yaşayan Anar Orucovdur. Ə.Orucov onun qardaşıdır.