Jurnalist prokurorluqda təkrar dindirildi

Aytən Fərhadova

Jurnalist Aytən Fərhadova bu gün, iyulun 25-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 4 saata kimi dindirilib.

Bu haqda AzadlıqRadiosu-na jurnalistin özü bildirib.

Onun sözlərinə görə, dindirmə həbsdəki jurnalist Əfqan Muxtarlı və ‘Meydan TV’ internet resursu üzrə açılmış cinayət işi ilə bağlı olub.

Buna da bax:​ Tbilisidə Əfqan Muxtarlı ilə bağlı dinləmələr olub

“Əvvəl (jurnalist əvvəllər də dindirilib – A.R.) olduğu kimi ənənəvi sualları verdilər, amma bu dəfə suallar daha detallı idi. Əfqan Muxtarlı, “Meydan TV” ilə bağlı suallar oldu”, - deyən jurnalist istintaq sirri səbəbindən dindirilməsinin detallarına varmayıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Aytən Fərhadova (SİNXRON)

A.Fərhadov iş üzrə şahid qismində dindirilib.

Bir müddət əvvəl həbsdəki jurnalist Əfqan Muxtarlının cinayət işi "Meydan TV"nin internet resursunun cinayət işi ilə birləşdirilib.

Bundan əvvəl jurnalistlər Aynur Elgünəş, İzolda Ağayeva, Sevinc Vaqifqızı, Aytac Əhmədova, Xədicə İsmayıl, İslam Şıxəli, Natiq Cavadlı, Müsavat Partiyasının keçmiş, indiki rəhbərləri İsa Qəmbər, Arif Hacılı və digərləri adıçəkilən cinayət işləri üzrə şahid qismində dindiriliblər.

Buna da bax: Əfqan Muxtarlının xanımı: “Neçə məmurun kənarlaşdırılması önəmli deyil”

XATIRLATMA

İki il əvvəl, 2015-ci ildə “Meydan TV”nin bəzi rəhbər işçiləri ilə bağlı cinayət işinin açıldığı bildirilmişdi. O zaman "Meydan TV"nin rəhbəri Emin Milli demişdi: «Artıq bəlli olub ki, “Meydan TV”nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (külli miqdarda vergidən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi açılıb. Hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində 152006048 saylı cinayət işinin istintaqı aparılır».

Jurnalist Əfqan Muxtarlı isə mayın 29-u oturum izni aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini iddia edir. Dediyinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib.

Buna da bax:​ Jurnalist: 'Mənim əleyhimə ifadələr var idi' [Video]

Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Ə.Muxtarlıya Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur.

O, son iki ildə Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazılarının müəllifi idi.