Vəkil: 'Əfqan Muxtarlı 21 kiloqram arıqlayıb'

Əfqan Muxtarlı məhkəməyə gətirilərkən

“Həbsdəki jurnalist Əfqan Muxtarlını həkimlər müayinə ediblər. Onun mədəsində “qastrit” (mədə iltihab - AR) yarandığı bəlli olub”.

Bunu AzadlıqRadiosu-na bu gün, iyulun 28-də Bakı İstintaq Təcridxanasında jurnalistlə görüşən vəkili Zibeydə Sadıqova deyib.

Ə.Muxtarlının ürəyində də problemlər yarandığı bildirilir.

“Ə.Muxtarlının nəbzi də yoxlanıb. Onun ürək ritmlərinin normadan artıq, olduğu müəyyən edilib”, – deyən vəkilin sözlərinə görə, Ə.Muxtarlı ciddi çəki itirib. Həbs edildikdən sonra çəkisi 21 kiloqram azalıb.

Buna da bax:​ Jurnalist prokurorluqda təkrar dindirildi

Zibeydə Sadıqova

Vəkilin sözlərinə görə, jurnalisti müayinə edən həkimlər onun müalicəsindən ötrü resept yazıblar. Ancaq onun dərmanlarla təchiz edilməsi ilə bağlı hər hansı addım atılmayıb.

Z.Sadıqova Ə. Muxtarlının telefonla qanuni maraq kəsb edən şəxslərlə danışmasına yasağın hələ də qaldırılmadığını, həyat yoldaşı, bacısı ilə danışa bilmədiyini bildirib.

Vəkilin bu açıqlamasına, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Buna da bax: Əfqan Muxtarlının xanımı: “Neçə məmurun kənarlaşdırılması önəmli deyil”

XATIRLATMA

Gürcüstandan oturum izini alan jurnalist Ə.Muxtarlı mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Ə.Muxtarlının bildirməsinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib. Sərhədə gətirilərək Azərbaycana təhvil verilib. Onun deməsinə görə, həmçinin, sərhədə cibinə 10 min avro da qoyulub.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Buna da bax:​ 'Əfqan Muxtarlıya 'zərərçəkmiş' statusu verilməlidir'- deputat

Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı bir sıra araşdırma yazılarının da müəllifi idi.