Vəkil: ‘Gözəl Bayramlının hər iki dizində şiş var’

Gözəl Bayramlı

Bu gün, iyulun 31-i Nəsimi Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin həbsdəki müavinlərindən Gözəl Bayramlının saxlanmasından verilən şikayəti rədd edib.

Məhkəmə prosesi qapalı keçirilib.

G.Bayramlının özünün də iştirak etdiyi məhkəmə iclasından AzadlıqRadiosu-na vəkil Zibeydə Sadıqova məlumat verib.

“Gözəl Bayramlı bildirdi ki, pulu hüquq-mühafizə orqanlarının əməkdaşları onun əşyalarının arasına qoyub, həbsi siyasi xarakter daşıyır. Bundan başqa səhhətinin pis olduğunu söylədi. Oturub-durarkən çox əziyyət çəkir. Bu gün məhkəmədə özü də dedi ki, dəfələrlə yıxılmaq təhlükəsi ilə üzləşib. Hər iki diz nahiyəsində şiş var. Sol ayağının diz qapağında çox güclü ağrılar olur”, - o qeyd edib.

Buna da bax:​ Vəkil: 'Gözəl Bayramlının ayaqları tutula bilər'

Hakim Şəlalə Həsənovanın sədrlik etdiyi məhkəmə heyəti şikayəti təmin etməyib.

Vəkil məhkəmənin qərarını qanunsuz hesab etdiklərini, apellyasiya şikayəti verəcəklərini bildirib.

Gözəl Bayramlının səhhəti ilə bağlı açıqlamalara, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Hətta, vəkilləri onun zəruri dərmanlarla təmin edilmədiyini bildirirlər. Bununla bağlı ötən həftə AXCP-nin bir qrup fəalı Ədliyyə Nazirliyi önündə aksiya da keçirib. Ancaq onda da nazirlikdən hər hansı açıqlama verilmədi.

Buna da bax: Cəbhəçilərdən Ədliyyə Nazirliyinə etiraz

XATIRLATMA

AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-i Gürcüstandan qayıdarkən saxlanıb. Onun barəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib.

Rəsmi məlumatda Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı bildirilir.

«İş üzrə toplanmış istintaq materialları ilə həmçinin, müəyyən edilib ki, Gözəl Bayramlı 2015-ci ilin yanvar ayından hazırkı vaxtadək 41 dəfə Gürcüstana səfərlər edib. Lakin heç bir vaxt üzərində hər hansı pul vəsaitinin olmasını bəyan etməyib», - deyə məlumatda vurğulanır.

Buna da bax:​ Gözəl Bayramlı: 'Başıma bir iş gəlsə...'

G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar və onun həbsi siyasi xarakter daşıyır, Gürcüstana isə müalicə məqsədilə gedib. Son illər Gürcüstanda 2 dəfə əməliyyat olunub.