Kənd Təsərrüfatı Subsidiyaları üzrə Respublika Komissiyasının qərarı ilə 12 rayonda 85 ton 559,11 kq yaş barama təhvil verən 898 istehsalçıya subsidiya ayrılıb.
Bu haqda Kənd Təsərrüfatı Nazirliyi xəbər verir.
Nazirlik bildirir ki, dövlət büdcəsi vəsaiti hesabına ümumilikdə 427 795,55 manat məbləğində subsidiyanın verilməsinə dair qərar qəbul edilib.
Komissiya iki qərarla 1386 barama istehsalçısına 667,5 min manat subsidiya verib. Onlar Şəki İpək Kombinatına 133,5 ton barama satıb. Dövlət hər kq-a görə istehsalçılara 5 manat subsidiya verir.
Buna da bax: Hökumət ipəkçiliyə diqqəti artırır
Komissiya növbəti iclasda subsidiya bölünməsini başa çatdırmaq istəyir. Komissiyada 10 rayondan daxil olan sənədlərə baxılır.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu il 240 ton yaş barama istehsal edilib.
Xatırlatma
Prezident İlham Əliyev ötən il sentyabrın 15-də Azərbaycanda barama istehsalı ilə məşğul olan şəxslərə subsidiya verilməsi haqda sərəncam imzalayıb.
Sərəncamın imzalanmasında məqsəd ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin inkişafına dövlət dəstəyini gücləndirmək, barama istehsalı ilə bağlı əhalinin məşğulluğunu artırmaq olub.
Buna da bax: Baramanın hər kilosuna 5 manat subsidiya veriləcək
Sərəncama əsasən, dövlət büdcəsindən istehsalçılara müəssisələrin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə, subsidiya müəyyən edilib. Verilən subsidiyanın məbləğini (hər kiloqrama 5 manat) və verilmə qaydasını ölkə başçısı ilə razılaşdırmaqla Nazirlər Kabineti müəyyən edib.
2016-cı ildə ölkədə 70 ton barama istehsal edildiyi bildirilirdi.