Məhkəmə Əfqan Muxtarlı işi ilə bağlı şikayəti araşdırmayıb

Əfqan Muxtarlı məhkəməyə gətirilən zaman. 09 iyun 2017

Sabunçu Rayon Məhkəməsi bəzi ictimai fəalların və vəkillinin Bakı İstintaq Təcridxanasında saxlanan jurnalist Əfqan Muxtarlı ilə bağlı verdiyi şikayətə baxmaqdan imtina edib.

Şikayətdə onların jurnalistlə görüşməsinə maneə yaradıldığı iddia olunur.

Jurnalistin vəkili Elçin Sadıqovun AzadlıqRadiosu-na bildirdiyinə görə, iyunun 5-də Ə.Muxtarlı ilə görüşməsinə maneçilik yaradılıb. Eyni maneələrlə jurnalistin ailə üzvlərinin etibarnamə verdiyi yaxın dostları Məcid Məcidli, Samir Əsədli və Məsud Əsgər də üzləşdiyini söyləyirlər. Onlar dəfələrlə təcridxanaya gedərək Əfqan Muxtarlı ilə görüşmək istəsələr də buna imkan verilmədiyini açıqlayıblar. Həmin şəxslər jurnalistə ərzaq apardıqlarını söyləyirlər

Buna da bax:​ Avropa Məhkəməsi 8 jurnalistin şikayətini araşdırmağa başlayıb

E.Sadıqovun sözlərinə görə, Sabunçu Rayon Məhkəməsinə Bakı İstintaq Təcridxanasının vəzifəli şəxslərinin təqsirləndirilən şəxsin hüquqlarını pozan hərəkətlərindən məhkəmə nəzarəti qaydasında şikayət verilib.

Ancaq Sabunçu Rayon Məhkəməsinin hakimi Süleyman Ağayev şikayəti icraata qəbul etməməklə bağlı qərar qəbul edib.

E.Sadıqovun deməsinə görə, qərar onunla əsaslandırılıb ki, vəkilin iyunun 5-də Ə. Muxtarlı ilə görüşə bilməməsini təsdiqləyən sübutlar yoxdur. M. Məcidli, S.Əsədli və M.Əsgərlə bağlı qərarda isə qeyd edilib ki, onlara etibarnamə vermiş şəxsin Ə.Muxtarlı ilə qohum olmasını təsdiqləyən sübutlar məhkəməyə təqdim olunmayıb.

Sabunçu Rayon Məhkəməsinin qərarı vəkillərə bu gün, avqustun 1-də təqdim edilib.

Buna da bax: Vəkil: 'Əfqan Muxtarlı 21 kiloqram arıqlayıb'

“Məhkəmənin bu qərarı qanunsuzdur. Çünki, Ə.Muxtarlını təmsil etdiyimi təsdiqləyən vəkil orderi, eləcə də M.Məcidli, S.Əsədli və M.Əsgərə verilmiş etibarnamənin surəti məhkəməyə təqdim olunub”, - deyə, E.Sadıqov bildirib.

Vəkil artıq, qərardan şikayət verdiyini bildirib.

XATIRLATMA

Gürcüstandan oturum izini alan jurnalist Ə.Muxtarlı mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Ə.Muxtarlının bildirməsinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib. Sərhədə gətirilərək Azərbaycana təhvil verilib. Onun deməsinə görə, həmçinin, sərhədə cibinə 10 min avro da qoyulub.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Buna da bax:​ 'Əfqan Muxtarlıya 'zərərçəkmiş' statusu verilməlidir'- deputat

Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı bir sıra araşdırma yazılarının da müəllifi idi.