«Müsəlman Birliyi» Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırov və daha iki «Nardaran məhbusu»nun yenidən cərimə kamerasına (kars) salındığı bildirilir.
Bu haqda onların ailəsindən məlumat veriblər.
Məlumata görə, Taleh Bağırov, daha iki «Nardaran məhbusu» - Cabbar Cabbarov və Abbas Hüseynov ötən ayın sonunda Bakı İstintaq Təcridxanasından Qobustan Qapalı Həbsxanasına köçürülüblər.
Həbsxanada onların «kars»a salınmasına qərar verildiyi deyilir. Ancaq hər hansı bir səbəb açıqlanmır.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən və Qobustan Qapalı Həbsxanasından da bu deyilənlərə hələlik münasibət almaq mümkün olmayıb.
Artıq son iki həftədə Taleh Bağırovun cərimə kamerasına salınması ilə bağlı ikinci dəfədir ki, məlumat yayılır.
Bundan öncə, ötən ayın 20-də Taleh Bağırov, «Nardaran işi» üzrə digər həbs edilənlərdən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və Əli Nuriyev də Bakı İstintaq Təcridxanasında cərimə kamerasına salınmışdılar.
T.Bağırov və digərlərinin iyulun 20-də «Nardaran işi» üzrə məhkəmədə baş vermiş insidentə görə cəzalandırıldığı söylənirdi. Həmin gün Bakı Apellyasiya Məhkəməsində T.Bağırov və onunla mühakimə olunan 17 nəfərin məhkəmə hökmündən verdikləri şikayətə baxılıb. Vəkillərdən sonra təqsirləndirilən şəxslər də çıxış etmək istəyiblər. Ancaq onlardan yalnız ikisi ifadə verib. Hakim təqsirləndirilən şəxsləri tam dinləmədən sözü prokurora verəndə, məhkəmə iclasında qalmaqal yaranıb. Təqsirləndirilən şəxslər Əmir Bayramovun sədrlik etdiyi hakimlər heyətinə ayaqqabılarını və əllərindəki su qablarını atıblar.
İnsidentlə əlaqədar məhkəmə yarımçıq qalıb, hamı salondan çıxarılıb. Bir neçə saat sonra vəkillərə xəbər verilib ki, Bakı Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxslər haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanmasına dair qərar çıxarıb.
XATIRLATMA
2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.
Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.
Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. «Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, Abbas Hüseynov 20 il, Cabbar Cabbarov 19 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib.
Daha iki qrupun məhkəməsi davam edir. Ötən həftə isə əlavə iki nəfərin istintaqı yekunlaşıb.
Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.
Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.