Bu gün, avqustun 2-də Bakı İstintaq Təcridxanasında həbsdəki jurnalist Əfqan Muxtarlı ilə bağlı istintaq hərəkətləri həyata keçirilib.
Bu haqda AzadlıqRadiosu-na jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.
Vəkilin bildirdiyinə görə, Ə.Muxtarlının işi üzrə məhkəmə kompüter texniki ekspertizası keçiriləcək.
“Bununla bağlı qərarı bizə elan etdilər. Qərara görə, "Meydan TV" ilə əməkdaşlıq etdiyi bildirilən jurnalistlərdən götürülmüş kompüterlər ekspertizaya göndəriləcək”.
Buna da bax: Məhkəmə Əfqan Muxtarlı işi ilə bağlı şikayəti araşdırmayıb
Bundan başqa müstəntiq Əfqan Muxtarlıdan götürülmüş telefonun ekspertizasının rəyi ilə onları tanış edib. Ancaq rəyə edilmiş əlavə hələlik, onlara təqdim olunmayıb. E.Sadıqov rəylə razı olmadıqlarını, etiraz etdiklərini bildirib. Vəkil telefonla bağlı ekspertizanı ümumilikdə qanunsuz hesab edilir. Onun fikrincə, orda şəxsi bilgilər olub. Şəxsi bilgilərə müdaxilə isə ancaq məhkəmə qaydası ilə olmalıdır.
Ə.Muxtarlının sağlıq durumuna gəlincə, E.Sadıqov bildirib ki, “səhhətindəki problemlər olduğu kimi qalır”.
Vəkilin sözlərinə görə, jurnalist təcridxanada 6 nəfərlik kameraya köçürülüb.
Buna da bax: Avropa Məhkəməsi 8 jurnalistin şikayətini araşdırmağa başlayıb
Bir müddət öncə vəkilləri jurnalistin mədə ağrılarından əziyyət çəkdiyini, 21 kiloqram çəki itirdiyini açıqlamışdılar. Həmin açıqlama ilə bağlı Penitensiar Xidmətdən isə, hələlik, hər hansı rəy almaq mümkün olmamışdı.
Vəkilin sözlərinə görə, əlavə olaraq belə bir rəy ifadə olunub ki, Əfqan Muxtarlının üzərində heç bir xəsarət izləri yoxdur. O deyib ki, Əfqan Muxtarlı saxlandıqdan 38 gün sonra müayinə edilib: “Ekspertizanın gecikdirilməsi məhz onun üzərindəki xəsarət izlərinin keçməsini gözləmək istəyindən irəli gəlirdi. Əlbəttə, biz bu rəyə də etiraz etdik”
Xatırlatma
Jurnalist Əfqan Muxtarlı Gürcüstanda oturum izini alıb. Ancaq bu il mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 avro pul qoyulub.
Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.
Buna da bax: Vəkil: 'Əfqan Muxtarlı 21 kiloqram arıqlayıb'
Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur.
O, son iki ildə Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazılarının müəllifi idi.
Bu yaxınlarda isə onunla bağlı qaldırılmış cinayət işinin Meydan TV-nin rəhbər işçilərinə qarşı açılmış cinayət işi ilə birləşdirildiyi açıqlanmışdı.
Buna da bax: Tbilisidə Əfqan Muxtarlı ilə bağlı dinləmələr olub
"Meydan TV" ilə bağlı cinayət işinin açılmasına aid xəbərlər 2016-ci ildə yayılmışdı. Onda hazırda mühacirətdə olan "Meydan TV"nin rəhbəri Emin Milli bu cinayət işi ilə bağlı bunları demişdi:
«Artıq bəlli olub ki, "Meydan TV"nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (külli miqdarda vergidən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi açılıb. Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində 152006048 saylı cinayət işinin istintaqı aparılır».
Emin Milli ittihamları qəbul etmir.