İlham Əliyev: 'İndi bizim təcrübəmiz öyrənilir'

İlham Əliyev Balakəndə “ABAD Mərkəz”in açılışında, 03avq2017

“Azərbaycanda milli və dini zəmində mövcud olan çox gözəl vəziyyət bir çox ölkələr üçün də maraq doğurur. İndi bizim təcrübəmiz öyrənilir”.

President.az saytının xəbərinə görə, bu gün, avqustun 3-də Balakəndə ictimaiyyət nümayəndələri ilə görüşdəki çıxışında prezident İlham Əliyev belə deyib.

Ölkə başçısı Azərbaycanın ölkədə yaşayan bütün xalqların doğma vətəni olduğunu vurğulayıb.

“Bizim həmrəyliyimiz, milli müxtəlifliyimiz böyük sərvətimizdir. Təsadüfi deyil ki, keçən il Azərbaycanda “Multikulturalizm İli” elan edilmişdi. Hesab edirəm ki, tarixdə ilk dəfə olaraq belə bir təşəbbüs Azərbaycanda irəli sürüldü. Bu, əslində, daha çox xaricə bir mesaj idi ki, birgə yaşamaq, qurmaq, müxtəlif xalqların nümayəndələrinin dostluq, mehribanlıq şəraitində yaşaması mümkündür və bunu Azərbaycanın timsalında hər kəs görə bilər”.

Buna da bax:​ Prezident Zaqataladan da Qaxa gedib

Ölkə başçısı hazırda Azərbaycanda “İslam Həmrəyliyi İli”nin qeyd olunduğunu xatırladıb.

“Bu da yenə bir çağırışdır. Çünki Azərbaycanda nə multikulturalizmlə, nə də İslam həmrəyliyi ilə bağlı problem var. Biz, sadəcə olaraq, bu çağırışları etməklə bir mesaj veririk, əgər belə demək mümkündürsə, yol göstəririk ki, bütün müsəlman xalqları birləşsin. Onların arasında heç bir qarşıdurma, anlaşılmazlıq olmasın və biz Azərbaycanın timsalında görürük ki, buna nail olmaq mümkündür. Azərbaycan böyük coğrafiyanın bir hissəsidir, Qafqazın bir parçasıdır, Qafqaz vahid orqanizmdir. Qafqazda yaşayan bütün xalqlar arasında bir-biri ilə tarixi əlaqələr, qohumluq əlaqələri, dostluq, qardaşlıq olub. Hesab edirəm ki, Azərbaycan bütün Qafqaz üçün də çox önəmli bir ölkəyə çevrilib”, - prezident deyib.

Ölkə başçısı Azərbaycanda ənənəvi kənd təsərrüfatı sahələrinin bərpa edilməkdə olmasından bəhs edib. Onun sözlərinə görə, bu işdə bölgənin imkanları, iqlim şəraiti və ənənələri nəzərə alınır.

Buna da bax: Ekspert: İkirəqəmli inflyasiya artımı 'yedi'

“Dövlət lazım olan tingləri gətirir, suvarma işlərini təşkil edir, kəndlilərə şərait yaradır ki, onlar bu ağaclara qulluq edərək öz maddi vəziyyətlərini daha da yaxşılaşdırsınlar və xaricə valyuta gətirən məhsullar çıxara bilsinlər”, - prezident deyib.

* * *

Azərbaycan prezidenti İlham Əliyev bu gün, avqustun 3-də Balakən rayonundan Zaqatalaya gedib.

Bu barədə AZƏRTAC xəbər yayıb. Dövləti başçısı Balakəndə olduğu kimi, Zaqatalada da Heydər Əliyevin abidəsini ziyarət edib.

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə prezident İ.Əliyevə abidənin ətrafında və parkda görülən işlər barədə məlumat verib.

Bu gün, avqustun 3-ü prezident İlham Əliyev Balakən rayonuna səfər etmişdi.

O, Balakən Su Elektrik Stansiyasının, Bayraq Muzeyinin, Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala yolunun və «ABAD Mərkəz»in açılışında iştirak etmişdi.

Buna da bax:​ Hacıqabulda sənaye məhəlləsi yaradılacaq

Balakən Su Elektrik Stansiyası

Balakən Su Elektrik Stansiyasının açılışı olub

Prezidenti İlham Əliyev avqustun 3-də Balakən Su Elektrik Stansiyasının açılışında iştirak edib.

«Azərenerji» Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlət başçısına stansiya barədə məlumat verib.

O bildirib ki, Balakən çayı üzərində tikilmiş və ümumi gücü 1.5 meqavat olan bu stansiyanın təməli 2010-cu ildə qoyulub.

Layihə çərçivəsində burada hündürlüyü 5.6 metr olan bənd tikilib. Bəndin maksimum eni 28, qaşının eni isə 4 metr təşkil edir.

İldə 10 milyon kilovat-saat elektrik enerjisi istehsalı gücünə malik stansiya rayonun tələbatının 15 faizini ödəməlidir.

Buna da bax: Barama istehsalçılarına subsidiya verilir

BAYRAQ MUZEYİNİN AÇILIŞI

Prezidenti İlham Əliyev Balakən şəhərində inşa olunan Bayraq Muzeyinin açılışına da qatılıb.

Dövlət başçısına məlumat verilib ki, muzeyin tikintisinə 2017-ci ilin fevralında başlanılıb və bu ilin iyulunda başa çatdırılıb.

Balakən Rayon İcra Hakimiyyətinin sifarişi əsasında inşa edilən muzey binasının ümumi sahəsi 510 kvadratmetrdir. Burada müxtəlif dövrlərdə Azərbaycanda atribut kimi qəbul edilmiş bayraqlar nümayiş etdirilir...

BALAKƏN-SARIBULAQ-QABAQÇÖL-XALATALA YOLU

Prezident bu səfər çərçivəsində Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun açılışını da edib.

«Azəravtoyol» Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.

Buna da bax:​ İlham Əliyev: “Jurnalistlər mənim köməkçilərimdir”

O qeyd edib ki, Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun uzunluğu 24.5 kilometr, eni isə 10 metrdir.

Diqqətə çatdırılıb ki, bu yolunun tikintisi 15 yaşayış məntəqəsinin 44 min nəfər əhalisinin gediş-gəlişini xeyli rahatlaşdıracaq.

Prezident Balakənə gedib

Bu gün, avqustun 3-də Azərbaycan prezidenti İlham Əliyev Balakən rayonuna gedib.

AZƏRTAC xəbər verir ki, dövlət başçısı əvvəlcə keçmiş prezident Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında onun abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev prezident İlham Əliyevə parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.