Bu gün, avqustun 9-da Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin həbsdəki müavinlərindən Gözəl Bayramlının qanunsuz saxlanması iddiası üzrə şikayətə baxılıb.
Müdafiəçiləri G.Bayramlının saxlanmasının qanunsuz olduğunu iddia edirlər. Vəkilləri daha öncə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək saxlanmanın qanunsuz sayılması barədə qərar çıxarılmasını istəmişdilər. Ancaq məhkəmə iyulun 31-də bu tələbi təmin etməmişdi.
Bakı Apellyasiya Məhkəməsi rayon məhkəməsinin qərarından verilmiş şikayətə baxıb.
Buna da bax: Vəkil: 'Gözəl Bayramlıya əsa vermirlər'
Məhkəmə prosesi qapalı keçirilib.
G.Bayramlının özünün də iştirak etdiyi məhkəmə iclası ilə bağlı AXCP sədrinin müavininin vəkilləri məlumat veriblər.
Vəkil Elçin Sadıqovun bildirməsinə görə, hakim Vaqif Mirsaqulovun sədrlik etdiyi məhkəmə heyəti şikayəti əsaslı hesab etməyib, aşağı instansiyanın qərarını qüvvədə saxlayıb.
Gözəl Bayramlı qısa sürən məhkəmə prosesi zamanı saxlanma şəraitindən danışıb. O, məhkəmədə deyib ki, istintaq qurumunun ondan götürdüyü dərmanlar geri verilib. Ancaq dərmanların reseptləri verilməyib. Bu səbəbdən o, dərmanlardan necə istifadə edəcəyini bilmir.
Buna da bax: Vəkil: 'Gözəl Bayramlının ayaqları tutula bilər'
Bundan başqa, AXCP sədrinin müavini iki gün əvvəl təcridxanada yıxıldığını da deyib. Gözəl Bayramlı bildirib ki, yıxılması sol ayağında problem yaranması səbəbindən baş verib. Yıxılan zaman sağ ayağı da zədə alıb. Xanım siyasətçinin bildirməsinə görə, təcridxanada onun sağ ayağını rentgendən keçiriblər, ayaq sümüklərinin zədələndiyi məlum olub. Ancaq bununla bağlı gərəkli dərmanlar ona verilməyib.
Gözəl Bayramlının səhhəti ilə bağlı açıqlamalara Penitensiar Xidmətdən münasibət almaq, hələlik, mümkün olmayıb.
Bir müddət öncə AXCP-nin bir qrup fəalı Gözəl Bayramlının səhhətinə diqqət çəkmək məqsədi ilə hətta Ədliyyə Nazirliyinin önünə yürüş də etmişdilər. Onda AXCP-nin 10-a yaxın üzvü tutulub, sonra da buraxılsalar da Ədliyyə Nazirliyi məsələyə hər-hansı münasibət bildirmədi.
Buna da bax: Gözəl Bayramlı ombudsmanla görüşmək istəyir
XATIRLATMA
AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-i Gürcüstandan qayıdarkən saxlanıb. Onun barəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib.
Rəsmi məlumatda Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı bildirilir.
«İş üzrə toplanmış istintaq materialları ilə həmçinin, müəyyən edilib ki, Gözəl Bayramlı 2015-ci ilin yanvar ayından hazırkı vaxtadək 41 dəfə Gürcüstana səfərlər edib. Lakin heç bir vaxt üzərində hər hansı pul vəsaitinin olmasını bəyan etməyib», - deyə məlumatda vurğulanırdı.
Buna da bax: Gözəl Bayramlı: 'Başıma bir iş gəlsə...'
G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar və onun həbsi siyasi xarakter daşıyır, Gürcüstana isə müalicə məqsədilə gedib. Son illər Gürcüstanda 2 dəfə əməliyyat olunub.