“Həbsdəki jurnalist Əfqan Muxtarlının ürəyində problemlər var, ancaq müalicəsinə imkan verilmir”.
Bunu Ə.Muxtarlının vəkili Nemət Kərimli bildirib.
Vəkilin sözlərinə görə, avqustun ilk günlərində onu həkim müayinəsindən keçiriblər.
“Həkimlər Əfqana bildiriblər ki, onun ürəyində problemlər var. Bu səbəbdən nəbzi normadan xeyli yüksəkdir. Əfqan Muxtarlıya müalicə üçün resept yazıblar”, – vəkil bildirib.
Buna da bax: Yaxınları yenə də Əfqan Muxtarlı ilə görüşə buraxılmayıb
Vəkilin sözlərinə görə, həkim resepti artıq, Ə.Muxtarlının saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasına təqdim edilib.
“Ancaq 10 günə yaxın vaxt keçməsinə baxmayaraq, Əfqan Muxtarlıya nə resept, nə də dərmanlar verilir”, – deyən Nemət Kərimli bununla bağlı təcridxana rəhbərliyinə müraciət edəcəyini söyləyib.
Bir müddət öncə də vəkilləri jurnalistin sağlıq problemlərinin olduğunu açıqlamışdılar. Onun mədə ağrılarından əziyyət çəkdiyi, 21 kiloqram çəki itirdiyi bildirilmişdi.
Jurnalistin sağlıq durumu ilə bağlı açıqlamalara və onun müalicəsinə imkan verilmədiyi iddiasına isə Penitensiar Xidmətdən, hələlik, münasibət almaq mümkün olmayıb.
Buna da bax: Avropa Məhkəməsi 8 jurnalistin şikayətini araşdırmağa başlayıb
Xatırlatma
Jurnalist Əfqan Muxtarlı Gürcüstandan oturum izini alıb. Ancaq bu il mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.
Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.
Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur.
O, son iki ildə Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazılarının müəllifi idi.
Buna da bax: Vəkil: 'Əfqan Muxtarlı 21 kiloqram arıqlayıb'
Bu yaxınlarda isə bu cinayət işinin Meydan TV-nin rəhbər işçilərinə qarşı açılmış cinayət işi ilə birləşdirildiyi açıqlanmışdı.
"Meydan TV" ilə bağlı cinayət işinin açılmasına aid xəbərlər 2016-ci ildə yayılmışdı. Onda hazırda mühacirətdə olan "Meydan TV"nin rəhbəri Emin Milli bu cinayət işi ilə bağlı bunları demişdi:
«Artıq bəlli olub ki, "Meydan TV"nin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (külli miqdarda vergidən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi açılıb. Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində 152006048 saylı cinayət işinin istintaqı aparılır».
Emin Milli ittihamları qəbul etmir.