“Gözəl Bayramlının səhhəti ciddi narahatlıq doğurmur, o, həkim nəzarətindədir, simptomatik təyinatlar icra edilir”.
Bakı İstintaq Təcridxanasının rəisi Rəşid Səfərovun Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin həbsdəki müavini G.Bayramlının vəkillərinə göndərdiyi məktubda belə yazılır.
Bu haqda AzadlıqRadiosu-na siyasətçinin vəkillərindən Elçin Sadıqov bildirib.
Buna da bax: Gözəl Bayramlı ilə Əfqan Muxtarlının həbs müddəti artırılır
Vəkilləri G.Bayramlının sağlıq durumu ilə bağlı təcridxana rəhbərliyinə müraciət etmişdilər. Onlar siyasətçinin sağlıq durumu ilə bağlı gərəkli addımların atılmasını istəyirdilər.
Bakı İstintaq Təcridxanasının rəisi məktubunda qeyd edir ki, G.Bayramlı təcridxanaya gətirilərkən tibbi müayinədən keçirilib.
Rəisin yazmasına görə, o, ilkin tibbi müayinə zamanı səhhəti ilə bağlı şikayət etməyib. 2014-cü ildə çənə artrozuna görə əməliyyat keçirdiyini, qalxanabənzər vəzinin funksiyasının pozulması ilə bağlı azadlıqda olarkən müalicə aldığını bildirib. Ancaq təsdiqedici sənəd təqdim etməyib.
“Qanın ümumi, biokimyəvi analizləri, rentgen və USM müayinələr həyata keçirilib. Nəticədə müalicə tələb edən patoloji dəyişiklik müəyyən edilməyib”, – rəis yazıb.
Buna da bax: Əfqan Muxtarlı: ‘Emin Milliyə əlləri çatmadığından mənim həbsimi sifariş ediblər’
Məktubda vurğulanır ki, vəkillərinin müraciətindən sonra G.Bayramlı təkrar müayinə olunub.
“G.Bayramlı yenidən təcridxananın tibb-sanitar hissəsində klinik, laboratoriya və instrumental müayinələrdən keçirilib. Travmatoloq, terapevt tərəfindən konsultasiya edilib. Nəticədə G.Bayramlının laboratoriya analizlərinin, qalxanvari vəzinin fəaliyyətinin göstəricilərinin norma civarında olduğu, mədəsində kəskin iltihab əlamətlərinin olmadığı, hərəkətinin məhdudlaşmadığı, çeynəmə və danışığında maneə yaranmadığı müəyyən edilib. Gözəl Bayramlı əməkdaşımızla söhbətində tibbi xidmətdən narazı olmadığını bildirib. Ona bildirilib ki, barəsində olan tibbi sənədləri təqdim etməsi vacibdir”, - təcridxana rəisinin vəkillərə ünvanlanan məktubunda qeyd edilib.
G.Bayramlı həbs ediləndən bu yana vəkilləri onun səhhətində ciddi problemlərin olması, hərəkət etməkdə belə çətinlik çəkməsi barədə açıqlamalar veriblər. G.Bayramlı iştirak etdiyi məhkəmə proseslərində də dəfələrlə səhhətində problemlər olduğunu dilə gətirib.
Buna da bax: Vəkil: 'Gözəl Bayramlının ayaqları tutula bilər'
Bir neçə gün əvvəl isə o, təcridxanada yıxıldığını, hərəkət etməkdə zorlandığını, ancaq ona əsa verilmədiyini bildirmişdi.
Üstəlik, vəkilləri həbsdən az sonra bildirmişdilər ki, reseptləri və dərmanları xanım siyasətçiyə verilmir. Sonra isə onlar açıqlamışdılar ki, artıq, dərmanları Gözəl Bayramlıya çatdırılıb. Ancaq reseptlər və başqa müalicə sənədləri ona qaytarılmadığından dərmanlardan necə istifadə etməyi bilmir.
Bir müddət öncə isə AXCP-nin bir qrup fəalı Gözəl Bayramlının səhhətinə diqqət çəkmək məqsədi ilə hətta Ədliyyə Nazirliyinin önünə yürüş də etmişdilər. Onda AXCP-nin 10-a yaxın üzvü tutulub, sonra da buraxılsalar da Ədliyyə Nazirliyi məsələyə hər-hansı münasibət bildirməmişdi.
Buna da bax: Cəbhəçilərdən Ədliyyə Nazirliyinə etiraz
XATIRLATMA
AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-i Gürcüstandan qayıdarkən saxlanıb. Onun barəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib.
Rəsmi məlumatda Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı bildirilir.
«İş üzrə toplanmış istintaq materialları ilə həmçinin, müəyyən edilib ki, Gözəl Bayramlı 2015-ci ilin yanvar ayından hazırkı vaxtadək 41 dəfə Gürcüstana səfərlər edib. Lakin heç bir vaxt üzərində hər hansı pul vəsaitinin olmasını bəyan etməyib», - deyə məlumatda vurğulanırdı.
Buna da bax: Gözəl Bayramlı: 'Başıma bir iş gəlsə...'
G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar və onun həbsi siyasi xarakter daşıyır. Gürcüstana isə müalicə məqsədilə gedib. Son illər Gürcüstanda 2 dəfə əməliyyat olunub. Xanım siyasətçinin həbs müddəti bu günlər daha 2 ay uzadılıb.