'Moody’s' Azərbaycanın reytinqini endirib

Moody's

“Moody`s” beynəlxalq reytinq agentliyi Azərbaycanın reytinqinə yenidən baxıb.

Agentlik Azərbaycanın emitent və təminatsız borc reytinqini “Ba1” səviyyəsindən "Ba2″ səviyyəsinə (spekulyativ xarakterli, əsaslı kredit riski) endirib.

Bu haqda agentliyin press-relizində bildirilir.

Agentlik vurğulayır ki, ölkənin proqnozu "sabit"dir.

Buna da bax:​ “Fitch” də Azərbaycanın reytinqini “mənfi”də saxladı

“Moody`s” reytinqlərin azaldılmasını Azərbaycanın iqtisadi gücünün zəifləməsi, neftin qiymətinin aşağı olması ilə izah edir.

İstehsalın azalması, bank sisteminin çox zəif olması da səbəblər sırasında öndə dayanır.

"Moody`s"un analitikləri hesab edir ki, 2017-ci ildə Azərbaycanın real ümumi daxili məhsulu (ÜDM) 1,5 faiz azalacaq. Agentliyin məlumatında həmçinin, Azərbaycanın ÜDM-nin 2016-cı ildə təqribən 4 faiz azaldığı xatırladılır.

Buna da bax: 'Moody's' Azərbaycanın maliyyə gələcəyindən nikbin deyil

"Moody`s" bundan əvvəl Azərbaycanın 4 bankının reytinqinə yenidən baxmışdı. Agentlik bir müddət öncə "Xalq Bank", "Bank Respublika", "VTB Bank" və "Bank of Baku"nun reytinqini aşağı salmışdı.

"Moody`s"dan öncə "Fitch" və "Standard and Poor’s" beynəlxalq reytinq agentlikləri də Azərbaycanın reytinqinə baxıb.

“Fitch” Azərbaycanın uzunmüddətli defolt reytinqi BB+ səviyyəsində saxlayıb. Bu səviyyə də olduqca zəif, “spekulyativ” hesab olunur.

Buna da bax:​ 'ABB-nin iflası dünya maliyyə bazarını çökdürə bilər'

"Standard and Poor’s" isə Azərbaycanın uzunmüddətli, qısamüddətli xarici və milli valyutada reytinqini 'BB+/B' səviyyəsində saxlayıb. Bu səviyyə “spekulyativ”, yaxud “zibil” səviyyə sayılır.

Reytinq mənfi proqnozludur.