Zümrüd Yağmur ifadə verib

Yazar Zümrüd Yağmur

Avqustun 23-ü axşam saatlarında yazar Zümrüd Yağmur Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində ifadə verib. O, həbsdə olan AXCP sədrinin müavini Gözəl Bayramlının işi ilə bağlı şahid kimi dindirilib.

Bu barədə yazarın özü prokurorluqdan qayıtdıqdan sonra məlumat yayıb.

«Rahatsız olmağa əsas yoxdur. İfadəmi verib gəldim», - deyə o vurğulayıb.

Z.Yağmur dindirilmənin detallarını açıqlamayıb.

Fuad Qəhrəmanlının xanımı prokurorluğa çağırılıb

Yazar Zümrüd Yağmur Baş Prokurorluğa çağırılıb.

Bu haqda onun özü bildirib.

Z.Yağmurun bildirdiyinə görə, ondan telefonla Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində olmasını istəyiblər.

“Bildirdilər ki, istintaq idarəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müavini Gözəl Bayramlının işi ilə bağlı ifadə vermək üçün çağırılıram. Saat 5-də idarədə olmalıyam”, - deyən Z.Yağmur sözügedən iş üzrə ifadəyə dəvət edilməsinin absurd olduğunu vurğulayıb.

Buna da bax:​ F.Qəhrəmanlıya qarşı saxtakarlıq?

Bundan əvvəl, AXCP sədri Əli Kərimli, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Gültəkin Hacıbəyli, Eldəniz Quliyev və jurnalist Şahvələd Çobanoğlu da prokurorluğa çağırılaraq G.Bayramlının işi üzrə dindirilib.

Zümrüd Yağmur hazırda həbsdə olan AXCP sədrinin müavini Fuad Qəhrəmanlının xanımıdır. Fuad Qəhrəmanlı 2015-ci ildə baş verən və 6 nəfərin ölümü ilə nəticələnən Nardaran hadisələri ilə bağlı sosial şəbəkələrdə paylaşdığı fikirlərinə görə, həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham irəli sürülmüşdü. Məhkəmənin qərarı ilə 10 il həbs cəzası alıb.

2015-ci ilin noyabrında Nardaranda keçirilən polis əməliyyatı zamanı dövlət qeydiyyatı olmayan “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırov və onun tərəfdarları həbs edilib. Prokurorluğun bildirməsinə görə, bu hərəkatla bağlı ümumilikdə 70 nəfər həbs edilib. Onlara Cinayət Məcəlləsində terrorçuluq və daha bir neçə ağır maddə üzrə ittiham irəli sürülüb. Ancaq tutulanlar ittihamı qəbul etmirlər.

Buna da bax: Fuad Qəhrəmanlının xanımı: «Hədə məktubları alırdı»

XATIRLATMA

AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanmışdı. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Mayın 26-sı Səbail Rayon Məhkəməsinin hökmü ilə o, 3 ay müddətinə həbs edilib.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı bildirilir. «İş üzrə toplanmış istintaq materialları ilə həmçinin müəyyən edilib ki, Gözəl Bayramlı 2015-ci ilin yanvar ayından hazırkı vaxtadək 41 dəfə Gürcüstana səfərlər edib. Lakin heç bir vaxt üzərində hər hansı pul vəsaitinin olmasını bəyan etməyib», - deyə rəsmi açıqlamada vurğulanır.

Buna da bax:​ Vəkil: ‘Gözəl Bayramlı rəsmi açıqlamanı təkzib edir’

G.Bayramlı isə məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. Gürcüstana isə müalicəsi məqsədilə gedib. Son 2 ildə Gürcüstanda 3 dəfə əməliyyat olunub.

AXCP sədrinin müavininə verilən ittiham təsdiqlənərsə, onu 5 ilə kimi həbs gözləyir.

Cinayət işi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə verilib.

Buna da bax:

Sizin brauzer HTML5-i dəstəkləmir

«İnternetdə izlədim ki, evimə giriblər»