Ekspert: ‘Reytinqin endirilməsi SOCAR-ın borclarını artıracaq’

Moody's

“Nüfuzlu beynəlxalq agentliklərin SOCAR-ın reytinqini endirməsi onun borc yükünün daha da artmasına səbəb olacaq”.

İqtisadçı Natiq Cəfərli "Moody’s” beynəlxalq reytinq agentliyinin Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) reytinqini aşağı salmasını Azadlıq Radiosuna dəyərləndirərkən belə deyib.

İqtisadçı deyib ki, reytinq dərəcəsi aşağı salınarkən SOCAR-ın daxili və xarici öhdəliklərinin ilbəil artmasını, həmin öhdəlikləri qarşılayacaq gəlirlərin də azalması nəzərə alınıb.

Buna da bax:​ 'Moody’s' SOCAR-ın reytinqini endirib

“Həm hasil edilən neftin həcmi azalır, bu, yarım ildə 9 faiz olub. Digər tərəfdən isə neftin qiymətlərində güman olunan artım müşahidə edilmir. Bütün bunlar isə SOCAR-ın qazancına ciddi təsir göstərən faktorlardır. Xarici və daxili öhdəliklərin çoxalması SOCAR-ın gələcəkdə bu öhdəlikləri yerinə yetirməsində ciddi problemlərin yaranacağının ilkin işartılarıdır”, - ekspert deyir.

“SOCAR-a krediti yüksək faizlə verəcəklər...”

Ekspertə görə, SOCAR-ın reytinqinin aşağı salınması şirkətə bir neçə səviyyədə təsir göstərəcək.

“Başlıcası, SOCAR-ın layihələrini icra etməsi üçün əlavə borca, kreditlərə ehtiyacı ver. Reytinq aşağı düşdükcə, kreditlərin əldə edilməsi çətinləşir - kreditlər daha yüksək faizlərlə verilir. Bu da nəticədə SOCAR-ın borc yükünün şişməsinə səbəb olur”.

Buna da bax:​ 'Reytinqin salınması özəlləşdirməyə də mənfi təsir göstərəcək'

N.Cəfərliyə görə, SOCAR-ın xarici aktivlərinin səviyyəsi kifayət qədər olduğundan onun reytinqinin hələ ki, ən aşağı səviyyəyə endirilməsi gözlənilən deyil.

“İkinci Beynəlxalq Bank olayı da istisna edilmir...”

“Ancaq iki il ərzində SOCAR-ın əlavə gəlir yerləri yaranmazsa, kreditlərin həcmi artmağa davam etsə, borcların ödənilməsində problemlər yaşana bilər. O zaman reytinq tamamilə endirilə bilər. Bu halda Azərbaycan Beynəlxalq Bank olayını da nəzərə alsaq, SOCAR dövlətin boynuna çox ağır bir yük kimi düşəcək. Çünki SOCAR-ın beynəlxalq öhdəlikləri ABB-nin beynəlxalq öhdəliklərindən azı bir neçə dəfə çoxdur”, – N.Cəfərli vurğulayıb.

Xatırlatma

SOCAR Azərbaycanın milli neft şirkətidir. Şirkət Azərbaycan prezidentinin 1992-ci ildə imzaladığı fərmanla yaradılıb.

Buna da bax:​ Beynəlxalq Bankın reytinqi aşağı salındı, 'Unibank' isə...

Məqsəd ölkənin neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etməkdir.

SOCAR-ın fəaliyyəti, əsasən, altı sahəni - neft-qaz yataqlarının kəşfiyyatını, hasilatını, emalını, neft kimyasını, enerjidaşıyıcıların nəqlini və xidmətlərin göstərilməsini əhatə edir.

"Moody’s” beynəlxalq reytinq agentliyi SOCAR-ın reytinqini aşağı salıb. Agentlik SOCAR-ın bütün dərəcələr üzrə reytinqini aşağı salıb.

“Moody’s”in dünən, avqustun 24-də açıqlanmış press-relizində bildirilirdi ki, SOCAR-ın dərəcələr üzrə reytinqi Ba1 səviyyəsindən Ba2 səviyyəsinə (spekulyativ xarakterli, əsaslı kredit riski) endirilib. Şirkətin reytinqlər üzrə proqnozu isə “sabit” saxlanılıb.

Buna da bax:​ SOCAR-ın işçiləri azalıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2016-cı ilin yekunlarına görə, 35.3 milyard manat maliyyə öhdəlikləri var. Bu rəqəm elə şirkətin 2016-cı illə bağlı hesabatından götürülüb.