“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin vəkilləri onun həbsdən öncə tutulmasının qanunsuz olduğunu bildirərək Yasamal Rayon Məhkəməsinə müraciət ediliblər.
Bu haqda M.Əliyevin vəkili Fuad Ağayev məlumat verib.
Vəkilin bildirdiyinə görə, Mehman Əliyevin tutulmasından verilən şikayət icraata qəbul edilib.
Buna da bax: Mehman Əliyevin dostlara mesajı
“Şikayətə avqustun 31-də saat 12:00-da baxılacaq. Şikayət hakim Hüseyn Səfərovun icraatına verilib”, – F.Ağayev bildirib.
Mehman Əliyevin həbsindən də şikayət verilib. Bu şikayəti isə Bakı Apellyasiya Məhkəməsi icraata qəbul edib.
Apellyasiya şikayətinə isə avqustun 30-da baxılacaq.
Xatırlatma
Avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə «Turan» İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Bundan bir gün əvvəlisə o, artıq şübhəli şəxs qismində saxlanmışdı.
Buna da bax: Şirməmməd Hüseynov: 'Araşdırılmalıdır Mehman Əliyev qanunçuluğu pozub, ya pozmayıb'
Vergilər Nazirliyi avqustun 8-də «Turan» Agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.
Avqustun 17-də isə artıq, agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.
«Turan» İnformasiya Agentliyinin kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən bir vaxta kimi dayandırmaq məcburiyyətindədirlər.
Buna da bax: Almaniya ombudsmanı Mehman Əliyevin həbsini pisləyib
Dünən, avqustun 28-də isə “Turan” İnformasiya Agentliyinin (İA) əməkdaşları Vergilər Nazirliyinin Vergi Cinayətləri İdarəsinə çağırılıblar. Verilən məlumata görə, əməkdaşlar “Turan” İA-ya qaldırılan cinayət işi ilə bağlı şahid qismində dindiriliblər.
Axşam saatlarında isə Vergi Cinayətləri İdarəsinin əməkdaşları agentliyin redaksiyasına gəlib. Onlara agentliyin əməkdaşlarının və vəkil Fuad Ağayevin iştirakı ilə “Turan” İA-nın son bir neçə illik maliyyə sənədləri təqdim edilib.