«Sərhədsiz Reportyorlar» (Reporters Without Borders) təşkilatı avqustun 29-da araşdırmaçı-jurnalist Əfqan Muxtarlını dərhal azadlığa buraxmağa çağırıb. Muxtarlı üç ay öncə Gürcüstanda oğurlanaraq Azərbaycana gətirilib və haqqında həbs-qətimkan tədbiri çıxarılıb.
Qurum Bakının «Muxtarlı kimi azad jurnalistləri təqib etməsini» pisləyib.
Təşkilat bildirir ki, şəkər xəstəsi və yüksək qan təzyiqi olmasına baxmayaraq, Muxtarlının səhhəti yaxşıdır. Ancaq vəkilləri və həyat yoldaşı onun oğurlanandan bəri 21 kilo arıqladığını, bəzi hallarda ailə üzvləriylə görüşünə, tibbi xidmətə çıxışına icazə verilmədiyini bildirirlər.
Jurnalist barədə həbs-qətimkan tədbirinin müddəti oktyabrın 21-dək uzadılıb.
«Əfqan Muxtarlının həbsi həm Azərbaycan, həm də Gürcüstan üçün biabırçılıqdır. Bunun necə başladığını heç kəs izah edə bilmir. Üstəlik, elementar humanitar prinsiplərin əksinə olaraq, həbs müddəti də uzadılır», – qurumun Şərqi Avropa və Orta Asiya bölməsinin rəhbəri Johann Bihr deyib.
«Azərbaycan hakimiyyətini jurnalisti dərhal azad etməyə və ona qarşı qondarma ittihamları ləğv etməyə çağırırıq. Gürcüstan hakimiyyəti də onun necə oğurlanması məsələsinə işıq salmalıdır», – Bihr deyib.
Meydan TV üçün işləyən Muxtarlı hökumət səviyyəsində korrupsiyadan yazırdı.