Avqustun 31-i «Siyasi Məhbuslarsız Azərbaycan» qurumunun təşkilatçılığı ilə Mehman Əliyevə Azadlıq Komitəsinin toplantısı keçirilib.
Tədbirdə çıxış edən iqtisadçı, «Rifah» Hərəkatının lideri Qubad İbadoğlu deyib ki, Vergilər Nazirliyinin «Turan» İnformasiya Agentliyinin (İA) direktoru Mehman Əliyevə qarşı iddiaları ilə tanış olub. Q.İbadoğlunun fikrincə, iddiaların əsası yoxdur.
İqtisadçı vurğulayıb ki, «Turan» İA-nın kommersiya təşkilatı olmasını heç kim gizlətmir:
«Burada 60 min manat mənfəət vergisindən yayınma məsələsi də şübhəlidir. Belə ki, 148 min manata 60 min manat mənfəət vergisi hesablanması düzgün deyil, bu, 20 faizlə hesablanır. Özü də bütün ödənişlərdən sonra. Qalan bütün ittihamlar da absurddur».
Q.İbadoğlu deyib ki, qanunsuz sahibkarlıq ancaq müəssisə qeydiyyatda olmadığı halda mümkündür. Halbuki, «Turan» MMC olaraq qeydiyyatdan keçib.
Q.İbadoğlu və digər natiqlər də çıxışlarında vurğulayıblar ki, M.Əliyev sırf siyasi sifarişlə həbs edilib.
Toplantıda M.Əliyevin müdafiəsinin təşkili baxımından müxtəlif təkliflər səslənib. Kimi M.Əliyevlə bağlı xüsusi buraxılışların hazırlanmasını, kimisi də kütləvi aksiyaların keçirilməsini təklif edib.
Komitənin iclasında beynəlxalq və yerli ictimaiyyətə ünvanlanan müraciət qəbul edilib.
Müraciətdə M.Əliyevin həbsi «əsassız», ona ittihamlar «qurama» adlandırılıb.
Müəlliflər yerli və beynəlxalq ictimaiyyətə üz tutaraq, onları M.Əliyevin həbsinə biganə qalmamağa səsləyiblər.
XATIRLATMA
Avqustun 25-də Yasamal Rayon Məhkəməsinin qərarı ilə «Turan» İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb. Bundan bir gün əvvəlisə o, artıq şübhəli şəxs qismində saxlanmışdı.
Vergilər Nazirliyi avqustun 8-də «Turan» agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.
Avqustun 17-də də agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.
Bu gün, avqustun 31-i isə kollektiv bəyan edib ki, «Turan» İnformasiya Agentliyi kommersiya qurumu olaraq fəaliyyətini dayandırır. Ancaq «Turan»da çalışanlar, onunla əməkdaşlıq edənlər sayt vasitəsilə fəaliyyətlərini könüllülük əsasında davam etdirəcəklər.