14 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanan bloqqer Mehman Hüseynovun həbs olunmazdan əvvəl ölkədən çıxışına 3 ildən artıq yasaq qoyulmasından Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) şikayət göndərilib.
Bu haqda AzadlıqRadiosu-na jurnalistin vəkili Zübeydə Sadıqova məlumat verib.
Vəkilin bildirdiyinə görə, sözügedən işdə yerli məhkəmələr M.Hüseynovun şikayətini qanuni araşdırmayıblar.
Buna da bax: 'Bir azdan bu Mehmanı da unudacağıq...' - [media icmalı]
“Həbsindən bir neçə il əvvəl heç bir qanuni əsas olmadan M.Hüseynovun ölkədən çıxışına “stop” qoyulub. “Stop”un qaldırılması üçün ölkə daxilində bütün hüquqi vasitələrdən istifadə etmişdik. Ancaq yerli məhkəmələr bu qanunsuz qadağanın ləğv olunması ilə bağlı qərar vermədi”, – vəkil bildirib.
Müdafiə tərəfinin qənaətincə, bloqqerin ölkədən çıxışına qadağa qoyulması onun tənqidçi məzmunlu peşə fəaliyyəti ilə bağlı olub.
Vəkillərinin Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdikləri şikayətdə vurğulanır ki, yerli qurumlar, məhkəmələr M.Hüseynova münasibətdə Avropa Konvensiyasının 4 saylı protokolunun 3-ci maddəsini (Hərəkət etmək azadlığı hüququ) pozublar.
Buna da bax: Mehman Hüseynovun şikayətləri Avropa Məhkəməsində
Bundan başqa, şikayətdə bildirilir ki, ölkə daxilində Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 10-cu (ifadə azadlığı) və 18-ci maddəsinin (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) də pozuntusuna yol verilib.
Avropa İnsan Hüquqları Məhkəməsindən qeyd olunan hüquqların pozuntusunun tanınması, buna görə ədalətli təzminatın ödənilməsi barədə qərar çıxarılması istənilir.
Bu, Mehman Hüseynovun Avropa Məhkəməsinə sayca üçüncü şikayətidir.
Bundan əvvəl bloqqerin həbsindən öncə inzibati qaydada cərimə edilməsi və işgəncə ilə üzləşməsi iddiası ilə bağlı şikayətlər artıq, Avropa İnsan Haqları Məhkəməsində icraata qəbul edilib.
Buna da bax: Ombudsman aparatı: 'Mehman Hüseynov... futbol oynayır'
M.Hüseynovun sözügedən işlərlə bağlı şikayətlərini yerli və Böyük Britaniyadan olan vəkilləri hazırlayıb.
Xatırlatma
Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. Bundan əvvəl, yanvarın 9-da isə onun oğurlandığı güman edilirdi.
Yalnız yanvarın 10-da məhkəmə önünə çıxarkən onun Nəsimi Rayon Polis İdarəsinin 22 saylı Polis Bölməsində saxlandığı məlum olmuşdu. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə M. Hüseynov polisə tabe olmamaqda təqsirli bilinərək, 200 manat cərimə edilmişdi.
Buna da bax: 'Azərbaycanda bədəl ödəyən jurnalistləri unuda bilmərik'
Jurnalistlər önünə çıxan bloqqer polisdə saxlandığı müddətdə işgəncələrə məruz qaldığını söyləyib. Vəkili isə işgəncə şikayətinin araşdırılmasından ötrü Bakı Şəhər Prokurorluğuna müraciət etmişdi. Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev də M.Hüseynovun işgəncə ilə bağlı dediklərini polisə böhtan sayaraq, xüsusi ittiham qaydasında iddia qaldırıb. Həmin iddia əsasında M.Hüseynov 2 il azadlıqdan məhrum edilib.
Müdafiə tərəfi isə prokurorluğun işgəncə şikayəti ilə bağlı cinayət işi açmamasından məhkəməyə müraciət etmişdi. Səbail rayon və Bakı apellyasiya məhkəmələri də müdafiə tərəfinin istəyini geri çevirmişdi.
Mehman Hüseynov həbsindən əvvəl düz 3 il ölkədən çıxa bilməyib. Onun şəxsiyyət vəsiqəsi də əlindən alınaraq, geri qaytarılmamışdı. Yalnız həbsindən sonra bloqqerə təkrar şəxsiyyət vəsiqəsi verildi.