Sentyabrın 4-ü vəkil Fuad Ağayev «Turan» İnformasiya Agentliyinin (İA) direktoru Mehman Əliyevin girov əvəzində həbsdən azad edilməsi barədə Yasamal Rayon Məhkəməsinə vəsatət verib. Bu barədə məlumatı F.Ağayev özü yayıb.
Vəkilin deməsinə görə, qanunvericiliyə əsasən, məhkəmə üç gün ərzində vəsatətə baxmalıdır.
Avqustun 25-i Yasamal Rayon Məhkəməsinin qərarı ilə «Turan» İnformasiya Agentliyinin direktoru M.Əliyev haqqında noyabrın 7-nə kimi həbs-qətimkan tədbiri seçilib. Bundan bir gün əvvəl isə o, şübhəli şəxs qismində saxlanmışdı.
Ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb.
Vergilər Nazirliyi avqustun 8-də «Turan» agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.
Avqustun 17-də isə artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.
Avqustun 31-i isə kollektiv bəyan edib ki, «Turan» İnformasiya Agentliyi kommersiya qurumu olaraq fəaliyyətini dayandırır. Ancaq «Turan»da çalışanlar, onunla əməkdaşlıq edənlər sayt vasitəsilə fəaliyyətlərini könüllülük əsasında davam etdirirlər.
Agentliyin əməkdaşları hələ də istintaqa çağırılmaqdadırlar.