Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Schennach (Avstriya) və Cezar Preda-nın (Rumıniya) gələn həftə Azərbaycana səfəri gözlənir.
Həmməruzəçilər səfərdən öncə sentyabrın 7-də Parisdə AŞPA Monitorinq Komitəsinin iclasında Azərbaycanda demokratik təsisatların fəaliyyətinə dair hesabatlarını təqdim edəcəklər.
Bu haqda həmməruzəçilərdən Stefan Schennach məlumat yayıb.
Buna da bax: Həmməruzəçilər: ‘Bakı öz öhdəliklərini yerinə yetirməlidir’
Stefan Schennach bildirib ki, Bakıya səfər çərçivəsində rəsmi şəxslər, vətəndaş cəmiyyəti nümayəndələri və məhbuslarla görüşəcək.
Azərbaycanla bağlı həmməruzəçilərin hazırladığı hesabat oktyabrın 9-dan 13-nə kimi çəkəcək AŞPA-nın payız sessiyasında müzakirə olunmalıdır.
Sonuncu dəfə həmməruzəçilər bu il iyunun 12-dən 14-ə kimi Azərbaycanda səfərdə olublar. Səfər zamanı onlar vətəndaş cəmiyyətinin nümayəndələri, vəkillər, parlamentdən kənar müxalifət partiyalarının nümayəndələri və rəsmilərlə bir araya gəliblər.
Buna da bax: Azərbaycanlı deputat AŞPA-da korrupsiyadan məruzə edəcək
Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Bu quruma üzv olarkən Azərbaycan insan haqları, azad seçkilər, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və daha bir çox məsələlərlə bağlı üzərinə öhdəlik götürüb. Azərbaycan, hələ də qurumun monitorinqi altındadır.