Sentyabrın 8-də Bakı Apellyasiya Məhkəməsində "Turan" informasiya agentliyinin direktoru Mehman Əliyevin girov müqabilində həbsdən buraxılması və onun tutulmasına dair qərarın qanunsuz sayılması haqda şikayətlərinə baxılmalıydı. Məhkəmələrdən biri saat 14.30-a, o biri isə 15.00-a təyin olunmuşdu.
Mehman Əliyevin vəkil Fuad Ağayev, işi aparan müstəntiq deyilən vaxtda məhkəmədə olsa da, proses keçirilməyib. Təxminən üç saat yarım keçəndən sonra 18.00 radələrində hakimlər zala gəlib. Bildiriblər ki, Mehman Əliyevi istintaq təcridxanasından gətirməyiblər. Bu da Penitensiar Xidmətlə bağlı problemdir.
Buna da bax: AB Mehman Əliyevin həbsindən narahat olduğunu bildirib
Vəkil Fuad Ağayev apellyasiya şikayətinə Mehman Əliyevin iştirakı olmadan baxılmasını istəyib. Amma hakimlər razılaşmayıb və məhkəmələrin hər ikisi sentyabrın 11-nə qədər təxirə salınıb.
Mehman Əliyevin avqustun 24-də şübhəli şəxs qismində tutulmasının qanunsuz sayılması və onun barəsindəki həbs-qətimkan tədbirinin girov qətimkan tədbiri ilə əvəz olunması haqda vəsatətlə Yasamal Rayon Məhkəməsinə müraciət olunmuşdu. Lakin məhkəmə müraciətləri təmin etməyib. Vəkil həmin qərarlardan apellyasiya şikayəti verib.
Buna da bax: Mehman Əliyevə təcridxanada yeni qadağalar qoyulub
XATIRLATMA
Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək, onları siyasi motivli adlandırıb.
Vergilər Nazirliyi avqustun 8-də «Turan» agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.
Avqustun 17-də artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.
Buna da bax: Fərhad Bədəlbəyli: 'Mehman Əliyev bandit deyil, qatil deyil'
Avqustun 31-i isə kollektiv bəyan edib ki, «Turan» İnformasiya Agentliyi kommersiya qurumu olaraq fəaliyyətini dayandırır. Ancaq «Turan»da çalışanlar sayt vasitəsilə fəaliyyətlərini könüllülük əsasında davam etdirirlər. Agentliyin əməkdaşları hələ də istintaqa çağırılmaqdadırlar.
Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasına səsləyiblər.
ABŞ Dövlət Departamenti də jurnalistin dərhal azad edilməsini istəyib.