Rüfət Səfərovun “kars”a salındığı bildirilir

Rüfət Səfərov

9 saylı Cəzaçəkmə Müəssisində saxlanan hüquqşünas Rüfət Səfərovun cərimə akmerasına (kars) salındığı bildirilir.

Bu haqda keçmiş müstətiqin vəkili Bəhruz Bayramov bildirib.

Onun deməsinə görə, R.Səfərov cərimə kamerasına 10 günlüyə salınıb.

Vəkil vurğulayıb ki, R.Səfərovun cəzalandırılması “digər məhbsuların cəza çəkməsinə mane olması” ilə izah edilib.

9 saylı Cəzaçəkmə Müəssisi, habelə Penitensiar Xidmət vəkilin dedikləri barədə açıqlama verməyib.

Rüfət Səfərovun sentyabrın 21-də cəzaçəkmə müəssisəsində qeyri-müəyyən müddətə aclığa başladığı da bildirilirdi. Bu barədə məhbsun anası məlumat yaymışdı.

“Dustaqlara göstərilən qeyri-insani münasibətə, işgəncələrə, əsassız təyin edilən «kars»lara, məhkumların imtiyazlı və imtiyazsız siniflərə bölünməsinə etiraz olaraq hüquqşünas Rüfət Səfərov aclığa başlayıb”, anası T.Səfərova belə demişdi.

Ancaq həmin məlumatı Penitensiar Xidmətedən dəqiqləşdirmək və anasının açıqılamalarına münasibət almaq mümkün olmamışdı.

Xatırlatma

R.Səfərov 2015-ci il dekabrın 20-də hüquq-mühafizə sistemində vəziyyəti tənqid edərək işdən çıxdığını bəyan edib. Həmin vaxta kimi R.Səfərov Zərdab Rayon Prokurorluğunun müstəntiqi olub.

2015-ci il dekabrın sonunda R.Səfərov saxlanılıb və təkrar rüşvət almaqda təqsirli bilinərək, barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. 2016-cı ilin yanvarında barəsindəki həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsi R.Səfərov barəsində 9 il müddətinə azadlıqdan məhrumetmə qərarı verib.

R.Səfərov keçmiş YAP-çı deputat, uzun müddət Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş Eldar Sabiroğlunun oğludur. O, verilən ittihamı qəbul etmir.

Onun bu ilin yanvarında da bir məhbusla mübahisə zəminində cərimə kamerasına (kars) salındığı bildirilirdi. Ancaq keçmiş müstəntiq həmin vaxt təxribata çəkildiyini deyirdi.