Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) inzibati qaydada həbs edilən üzvü Etibar Məmmədlini buraxmaqdan imtina edib. Qərarı bu gün, sentyabrın 27-də hakim Faiq Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası çıxarıb.
Bu haqda AzadlıqRadiosu-na E. Məmmədlinin yaxınları bildirib.
E.Məmmədlinin özü də prosesdə iştirak edib. O, prosesdə çıxış edərək inzibati qaydada həbs edilməsindən danışıb.
Buna da bax: Cəbhəçiyə 30 sutka verildiyi deyilir
Yaxınlarının sözlərinə görə, E.Məmmədli məhkəmədə bildirib ki, sentyabrın 21-də onu saxlayıb Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə aparıblar. Deməsinə görə, bölmədə kağız verilib, imzalaması tələb olunub. Ancaq kağızda yazılanları oxumasına imkan verməyiblər. E.Məmmədlinin bildirməsinə görə, sonradan öyrənib ki, ona dövlət hesabına təyin olunan vəkildən imtina sənədini imzalatdırıblar.
E.Məmmədli heç bir pozuntuya yol vermədiyini bildirib.
Ancaq məhkəmə inzibati həbs qərarından verilən apellyasiya şikayətini təmin etməyib.
Yaxınlarının bildirdiyinə görə, E.Məmmədlinin işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediləcək.
Buna da bax: Milli Şura saxlananlarla bağlı Avropa Məhkəməsinə üz tutacaq
XATIRLATMA
Demokratik Qüvvələrin Milli Şurası sentyabrın 23-də Bakıda mitinq keçirib.
Mitinqi ərəfəsində Milli Şuraya daxil olan AXCP-nin 7 fəalı sutkalıq inzibati cəza alıb.
Onlardan bir nəfərinə 10, altı nəfərinə isə 15 sutka inzibati həbs cəzası verilib.
AXCP-nin Xətai şöbəsinin üzvü Etibar Məmmədlinin də həmin vaxt - sentyabrın 21-də mitinqlə bağlı vərəqə paylayarkən saxlandığı deyilir. Üstəlik, onun fiziki təzyiqlərə də məruz qaldığı bildirilir.
Xətai rayon 34-cü polis bölməsinə aparılan E.Məmmədli ertəsi gün Xətai rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbs cəzasına məhkum edilib.
Buna da bax: AXCP fəalının məhkəməsi vəsatətlərin rəddi ilə başladı
Ancaq gəncin döyülməsi ilə bağlı deyilənlərə, hələlik, Xətai rayon Polis İdarəsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
Milli Şuranın sentyabrın 23-ü keçirilən aksiyası Bakıda şəhər rəhbərliyi ilə razılaşdırılıb. Aksiya zamanı təşkilatçılar çıxışlarında deyiblər ki, ölkədə korrupsiya baş alıb gedir və bunun başında məhz prezident İlham Əliyev dayanır.
Aksiyadan sonra hakim Yeni Azərbaycan Partiyasının funksionerləri də bu ittihamlara cavab veriblər. Onlar da öz növbələrində Milli Şuranın rəhbərliyini korrupsiyada günahlandırıblar. Üstəlik, deyiblər ki, aksiya sifarişi Ermənistandan gəlib.