Azərbaycan Dövlət Neft Fondunun (ADNF) büdcəsi dəyişdirilir.
Bu haqda fondun press-relizində bildirilir.
Məlumatda qeyd edilir ki, bu gün, sentyabrın 27-də ADNF-nin Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda Fondun 2017-ci il büdcəsində dəyişikliklərin edilməsi məsələsinə baxılıb.
Toplantının baş nazir, ADNF-nin Müşahidə Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirildiyi, büdcə dəyişikliyi layihəsinin məqbul hesab edildiyi bildirilir.
Buna da bax: Vasif Talıbovun oğlunun şirkəti büdcə sifarişlərini müsabiqəsiz qazanır
Toplantıda dəyişikliklərin təsdiq olunmasından ötrü ölkə prezidentinə təqdim olunması barədə qərar da qəbul edilib.
Dəyişikliyin detalları açıqlanmır.
Neft Fondu 2001-ci ildə fəaliyyətə başlayıb. O vaxtdan Fonda 130 milyard dollara yaxın vəsait daxil olub. Ondan, hazırda Fondda 34.7 milyard dollar ehtiyatın qaldığı bildirilir.
Xatırlatma
Prezident İlham Əliyev ADNF-nin büdcəsini bu il yanvarın 10-da təsdiq edib. ADNF-nin 2017-ci il üzrə təsdiqlənmiş büdcəsi 6 milyard 113 milyon 266.2 min manat kəsirlə proqnozlaşdırılırdı. Fondun büdcəsinin gəlirləri 8 milyard 370 milyon 589,8 min, xərcləri isə 14 milyard 483 milyon 856 min manat məbləğində təsdiq edilmişdi.
Buna da bax: Beynəlxalq Bank NK-nın ehtiyat fondunu da 'yeyib'
Fondun qazancı əsasən (7 milyard 550 milyon manat) karbohidrogen satışından əldə edilən xalis gəlirlərdən formalaşır.
Xərclərin əsas istiqamətini (6.1 milyard manat) dövlət büdcəsinə transfertlər tutur. Bundan başqa məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması və bir sıra layihələrə pul ayrılmalıdır.
ADNF-nin həmçinin, bu il Azərbaycan Mərkəzi Bankına 7 milyard 500 milyon manat vəsait ayırması nəzərdə tutulur. Bu vəsaitin AMB-yə makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə ayrıldığı bildirilir.