Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyətinin üzvlərinin Milli Şuranın bu il sentyabrın 23-də keçirilən aksiyası ilə bağlı polisə çağırıldığı bildirilir. Halbuki, hazırda bu partiya Milli Şuraya daxil deyil.
Bu barədə məlumatları ADP sədri Sərdar Cəlaloğlu da AzadlıqRadiosuna təsdiq edib.
S.Cəlaloğlu deyib ki, oktyabrın 2-si ADP mətbuat xidmətinin rəhbəri Nurəddin İsmayıl, sədrin birinci müavini Həsrət Rüstəmov və İdarə Heyətinin üzvü Zakir Hüseynov polis bölmələrinə çağırılıblar.
Buna da bax: Vəkil: 'Saxlanan insanlar yerdə yatır'
«Bu, polisin səlahiyyət həddini aşması, vətəndaşların Konstitusiya ilə qorunan hüquqlarına müdaxilədir. Əvvəla, adıçəkilən mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb. Yəni, icazəli mitinqdir, buna görə kimisə polisə çağırmaq, ondan iştiraka görə izahat almaq yolverilməzdir. Bu, polis tərəfindən yanlış davranışdır», - S.Cəlaloğlu bildirib.
Partiyadan verilən xəbərə görə, sözügedən şəxslərdən Nurəddin İsmayıl artıq Nizami Rayon Polis İdarəsində dindirilib.
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) mətbuat xidməti də bildirib ki, onların da bəzi üzvləri mitinqdə iştiraka görə polisə çağırılıb. Bu partiya da mitinqin təşkilatçıları sırasında deyil.
Buna da bax: Milli Şura saxlananlarla bağlı Avropa Məhkəməsinə üz tutacaq
* * *
ADP sədrinin müavini də polisdə dindirildiyini deyir
Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Həsrət Rüstəmovun bu gün, oktyabrın 3-ü Səbail Rayon Polis İdarəsində dindirildiyi bildirilir.
Bu barədə Həsrət Rüstəmovun özü məlumat yayıb.
“Səbail Rayon Polis İdarəsində 1,5 saatlıq ciddi məna verə bilmədiyim sual-cavab başa çatdı. Nəticə isə belədir: Təşkilatçının kim olmasından asılı olmayaraq, bütün dinc aksiyalara bir vətəndaş olaraq qatılmağa çalışacağam”, – deyə o vurğulayıb.
Həsrət Rüstəmovun deməsinə görə, hətta ondan qohumlarının harada işləməsini və evinin, maşının olub-olmadığını da soruşublar.
Buna da bax: Ombudsman gənc fəalın şikayətinin araşdırılmasını istəyir
ADP sədrinin birinci müavinin bu açıqlamasına, Səbail Rayon Polis İdarəsindən, hələlik, münasibət almaq mümkün olmayıb.
Bu deyilənlərə hələlik Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
* * *
Milli Şura sentyabrın 23-də Bakıdakı «Məhsul» stadionunda «Talana yox!» şüarı ilə aksiya keçirib. Aksiyaya Milli Şuraya daxil olmayan bir sıra müxalif partiyaların fəalları da öz təşəbbüsləri ilə qatılıblar.
Aksiyada çıxış edən Milli Şura sədri Cəmil Həsənli deyib ki, Azərbaycanda korrupsiyanın başında prezident İlham Əliyev durur.
Buna da bax: İnzibati həbs edilən cəbhəçi buraxılmadı
Aksiyadan sonra hakim Yeni Azərbaycan Partiyasının (YAP) funksionerləri də çıxış edərək, eyni ittihamı Milli Şura rəhbərləri haqda söyləyiblər. Üstəlik, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib ki, bu mitinqin sifarişi Yerevandan gəlib.