Oktyabrın 3-dən 7-dək Muzey Mərkəzində Xalq rəssamı, görkəmli heykəltəraş Tokay Məmmədovun 90 illik yubiley sərgisi keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, sərgi bu qurumun təşkilatçılığı ilə bu gün saat 18:30-da açılacaq.
Sərgidə nümayiş etdirilən əsərlər Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan və rəssamın şəxsi kolleksiyasından seçilib.
Buna da bax: Bakıda Koroğlunun abidəsinin açılışı olub
Tokay Məmmədov 1927-ci il iyulun 18-də Bakıda dünyaya gəlib. Onun anası Azərbaycanın ilk heykəltəraş qadını Zivər Məmmədovadır. Yaradıcılığının ilk dövrlərində dəzgah və monumental heykəltəraşlıq sahəsində çalışıb, ağac, tunc və mərmərdən yaddaqalan əsərlər yaradıb. Portret janrında da özünü sınayıb. Monumental heykəltəraşlıq sahəsində yaratdığı Məhəmməd Füzuli (Xalq Rəssamı Ömər Eldarovla birlikdə), “Nəsimi” (Xalq Rəssamı İbrahim Zeynalovla birlikdə) və Üzeyir Hacıbəylinin abidələri paytaxt Bakının memarlığına xüsusi rəng qatıb. Bakıda ucaltdığı xalq qəhrəmanı Koroğlunun abidəsi sənətkarın monumental heykəltəraşlıq sahəsindəki yaradıcılığının son dövrünü əks etdirir. Əsərləri Milli İncəsənət Muzeyində, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində, Dövlət Rəsm Qalereyasında qorunur.
Tokay Məmmədov 2002-ci ildə “Şöhrət”, 2012-ci ildə “Şərəf” ordeni ilə təltif olunub.