Həsrət Rüstəmov işdən çıxarıldığını deyir

Milli Şuranın mitinqi

Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Həsrət Rüstəmovun bu gün, oktyabrın 6-da işdən çıxarıldığı deyilir.

Bu haqda AzadlıqRadiosu-na 5 ildir ki, Bakı Şəhər Təcili Yardım Stansiyasında həkim işləyən Həsrət Rüstəmovun özü bildirib.

H.Rüstəmov işdən çıxarılmağının sırf siyasi motivlərlə bağlı olduğunu söyləyib.

“Demokratik Qüvvələrin Milli Şurasının sentyabrın 23-də keçirdiyi aksiyadan sonra mənə təzyiqlərə başlanmışdı. Ancaq heç düşünməzdim ki, təzyiqlər bu səviyyəyə çatacaq. Axı, hər zaman ictimai-siyasi fəaliyyətim göz önündə olmuşdu, mediaya açıqlamalarım davamlı idi, təzyiqlər bu həddə gəlib çatmamışdı”, – deyən H.Rüstəmov güman edir ki, baş həkimə lap yuxarı səviyyədə göstəriş olub.

Buna da bax:​ Müxalif fəalların polisə çağırıldığı deyilir [yenilənib]

Onun sözlərinə görə, əvvəlcə işində qüsur olub-olmadığını araşdırıblar.

“Əvvəlcə cəza vermək istəyirdilər, ancaq işimdə qüsur tapa bilmədilər. Ardınca, bilgi əldə etdim ki, artıq işdən çıxarılmağım üçün göstəriş verilib”.

H.Rüstəmov bu gün, oktyabrın 6-da işə - Bakı Şəhər Təcili Yardım Stansiyasının 3 saylı bölməsinə gedib. Ancaq deməsinə görə, müdir artıq barəsində əmr olduğunu bildirərək, onu işə buraxmayıb.

Əmr hələlik, ADP sədrinin müavininə təqdim edilməyib.

H.Rüstəmov əmək hüquqlarının pozulduğunu, hüquqlarını sonadək müdafiə edəcəyini bildirib. O, hesab edir ki, işdən çıxarılmasına göstəriləcək əsaslar uydurma olacaq.

Bakı Şəhər Təcili Yardım Stansiyasından H.Rüstəmovun bu dediklərinə aydınlıq gətirmək mümkün olmayıb.

Buna da bax: Milli Şura saxlananlarla bağlı Avropa Məhkəməsinə üz tutacaq

Məsələyə Səhiyyə Nazirliyindən də münasibət almaq cəhdləri nəticə verməyib.

Həsrət Rüstəmov oktyabrın 3-də mitinqdə iştiraka görə, Səbail Rayon Polis İdarəsinə çağırıldığını bildirmişdi.

“Səbail Rayon Polis İdarəsində 1,5 saatlıq ciddi məna verə bilmədiyim sual-cavab başa çatdı. Nəticə isə belədir: Təşkilatçının kim olmasından asılı olmayaraq, bütün dinc aksiyalara bir vətəndaş olaraq qatılmağa çalışacağam”, – deyə o polisdən çıxdıqdan sonra vurğulamışdı.

Həsrət Rüstəmovun deməsinə görə, hətta ondan qohumlarının harada işləməsini və evinin, maşının olub-olmadığını da soruşublar.

Onda ADP sədrinin birinci müavinin bu açıqlamasına, Səbail Rayon Polis İdarəsindən münasibət almaq mümkün olmamışdı. Həmin gün bu partiyanın daha iki funksionerinin də mitinqdə iştiraka görə, polisə çağırıldığı açıqlanmışdı.

Buna da bax:​ AMF müəllimlərin işdən çıxarılmasını pisləyir

ADP bu halları pisləyən bəyanat da yaymışdı.

Milli Şura sentyabrın 23-də Bakıdakı «Məhsul» stadionunda «Talana yox!» şüarı ilə aksiya keçirib. Aksiyaya Milli Şuraya daxil olmayan bir sıra müxalif partiyaların fəalları da öz təşəbbüsləri ilə qatılıblar.

Aksiyada çıxış edən Milli Şura sədri Cəmil Həsənli deyib ki, Azərbaycanda korrupsiyanın başında prezident İlham Əliyev durur.

Aksiyadan sonra hakim Yeni Azərbaycan Partiyasının (YAP) funksionerləri də çıxış edərək, eyni ittihamı Milli Şura rəhbərləri haqda söyləyiblər. Üstəlik, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib ki, bu mitinqin sifarişi Yerevandan gəlib.

Buna da bax:​ İnzibati həbs edilən cəbhəçi buraxılmadı

Xatırlatma

Müxalif partiya təmsilçilərinin işdən kənarlaşdırılmaları ilk belə hal deyil.

Demokratik Qüvvələrin Milli Şurası bu ilin aprelində Bakıda etiraz aksiyası keçirmişdi. Həmin aksiyadan sonra Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olan bir neçə müəllimin işdən kənarlaşdırıldığı bildirilirdi.

Onlardan iksi Əflatun Əhmədzadə və onun xanımı sonradan məhkəmə qərarı ilə işlərinə bərpa ediliblər. Hər iki müəllim Neftçala rayonundakı məktəblərdə müəllim işləyirdilər.