Cəbhəçi dosent 'ç' bəndinə əsasən işdən çıxarılıb

AXCP

Azərbaycan Dövlət İqtisad Universiteti «İnformatika» kafedrasının dosenti, AXCP Rəyasət Heyətinin üzvi Eldar Hüseynovun işdən azad olunması ilə bağlı açıqlama yayıb.

Açıqlamada yazılır:

««İnformatika» kafedrasının dosenti vəzifəsində çalışan Eldar Hüseynov əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlər nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirdiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinə xitam verilib».

Adıçəkilən məcəllənin 70-ci maddəsinin «ç» bəndində qeyd edilir ki, işçi əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduqda, sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda işdən azad edilir.

XATIRLATMA

Oktyabrın 6-da Dövlət İqtisad Universitetinin rektoru AXCP Rəyasət Heyətinin üzvi, dosent E.Hüseynovu vəzifədən azad edib.

Amma E.Hüseynov açıqlamasında bildirmişdi ki, onun işdən azad olunmasına səbəb kafedra müdirinin yaratdığı süni münaqişə və siyasi fəaliyyəti olub. Dəfələrlə «ya AXCP, ya iş» seçimi qarşısında qaldığını deyən E.Hüseynov 28 il idi həmin universitetdə çalışırdı.