'Gürcüstan işi' hesabatı açıqlandı

Oktay Gülalıyev

Bu gün, oktyabrın 12-si bir qrup hüquq müdafiəçisi «Gürcüstan işi: təqiblər, həbslər və mövcud reallıqlar» mövzusunda hesabat təqdim ediblər.

Hesabatın detallarını «Siyasi Məhbuslarsız -Azərbaycan» Alyansının rəhbəri, hüquq müdafiəçisi Oktay Gülalıyev açıqlayıb.

O.Gülalıyev deyib ki, hesabat Azərbaycan hakimiyyətinin təqib və təzyiqlərindən qaçaraq Gürcüstanda yaşayan ictimai-siyasi fəallardan bəhs edir. Onların bir çoxunun son vaxtlar Gürcüstanda da təqib və təzyiqlərə məruz qaldığı bildirilir.

Hesabatın əvvəlində AXCP-nin sədr müavini Gözəl Bayramlının bu ilin mayında Gürcüstandan qayıdarkən qaçaqmalçılıqda ittiham olunaraq həbs edilməsinə toxunulur. Sənəddə vurğulanır ki, G.Bayramlının həbsə alınmasından sonra bir müddət dərmanları ona çatdırılmayıb. Hesabat müəlliflərinə görə, bu da onun həbsinin siyasi sifariş olduğunun göstəricisidir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Gözəl Bayramlı barədə 3 aylıq həbs qətimkan tədbiri seçildi

«Onda tapıldığı deyilən həmin pul G.Bayramlıya aid olmayıb. Onu siyasətçi xanımın əl çantasına atıblar, amma bu məsələ araşdırılmır. Kamera görüntüləri təqdim edilmir və bütün bunlar göstərir ki, məsələ siyasi mahiyyətlidir»,- hesabatda vurğulanır.

Sənəddə həmçinin, Gürcüstanda oturum izini olan Əfqan Muxtarlının Azərbaycanda müəmmalı şəkildə həbs edilməsinə də yer verilib. Hesabatda baş verənlər Ə.Muxtarlının oğurlanması kimi təqdim edilir.

Sənədi hazırlayanların fikrincə, jurnalistin Azərbaycana gətirilməsi heç də Gürcüstanın hüquq-mühafizə orqanlarının iştirakı olmadan mümkün ola bilməzdi.

Sizin brauzer HTML5-i dəstəkləmir

Əfqan Muxtarlı 3 ay müddətinə həbs olundu

Hesabatda, Ə.Muxtarlının Azərbaycan sərhədini pozması və qaçaqmalçılıqla məşğul olması kimi ittihamlara şübhə bəslənilir:

«Bu ittihamı sübut edəcək kamera görüntüləri təqdim olunmur. Bütün bunlar göstərir ki, bu həbs də Ə.Muxtarlının jurnalist və ictimai fəaliyyəti ilə bağlıdır».

Sənəddə habelə, Gürcüstanda yaşayan işadamı, «Lanset» klinikasının təsisçisi Fərman Ceyranlının həbsindən və ictimai fəal Daşqın Ağalarlının deportasiya təhlükəsi ilə üzləşməsindən də bəhs edilir.

145 SİYASİ MƏHBUSUN OLDUĞU BİLDİRİLİR

Daha sonra sənəd ətrafında müzakirələr aparılıb.

Çıxışlarda vurğulanıb ki, hazırda Azərbaycanda 145 civarında siyasi məhbus var. Onlardan da bəzilərinin tez-tez işgəncə və ayrıseçkiliyə məruz qalmaları ilə bağlı açıqlamalar eşidilir.

Natiqlər bildiriblər ki, ölkədə yalnız demokratik dəyişikliklərdən sonra siyasi məhbus problemi çözülə bilər.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret cinayət əməllərinə görə məsuliyyətə alınıblar. Üstəlik, ölkədəki cəzaçəkmə müəssisələrində hamıya eyni gözlə yanaşırlar və kimsə işgəncəyə məruz qalmır.

XATIRLATMA

AXCP sədrinin müavini G.Bayramlı və jurnalist Ə.Muxtarlı bu il mayın sonunda həbs edilib. Hər iki şəxsə qaçaqmalçılıq ittihamı verilib. Üstəlik, Ə.Muxtarlı sərhədi qanunsuz keçməkdə və bu zaman hüquq-mühafizə orqanı əməkdaşlarına müqavimətdə ittiham edilir. Onlar ittihamları qəbul etmirlər.

Üstəlik, Ə.Muxtarlı deyir ki, o, Gürcüstandan Azərbaycana oğurlanıb gətirilib. Bu prosesdə Gürcüstanın Daxili İşlər Nazirliyinin bəzi əməkdaşları da iştirak edib. Ancaq Gürcüstan baş naziri və daxili işlər naziri bunu təkzib ediblər. Üstəlik, onlar Azərbaycan hökumətinin sifarişi ilə Gürcüstana sığınan azərbaycanlı fəalların sıxışdırılması iddialarını da qəbul etmirlər.

Gürcüstanda dələduzluq, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə təqsirləndirilən işadamı, «Lanset» klinikasının təsisçisi F.Ceyranlı da həbsini siyasi sifariş sayır. O da bu il Gürcüstanda həbs edilib.

D.Ağalarlı isə 2014-cü il martın 3-də Türkiyədən Gürcüstana keçərkən Batumidə İnterpol xətti ilə saxlanmışdı. Azərbaycanın hüquq-mühafizə qurumları müxalifətçinin 4500 avro vergi borcunun olmasını bildirərək, onu İnterpol xətti ilə axtarışa vermişdi. D.Ağalarlı 6 ay Tbilisi təcridxanasında saxlanmışdı. Ancaq Tbilisi Şəhər Məhkəməsi Azərbaycan tərəfinin rəsmi ittihamlarını təsdiqləmədiyindən, o, azadlığa buraxılmışdı. Bir müddət öncə müxalif fəal D.Ağalarlının Gürcüstandan deportasiya ediləcəyi ilə bağlı məlumatlar yayılmışdı.

Bundan öncə də, Tbilisi Şəhər Məhkəməsi D.Ağalarlıya verilən oturum hüququnu ləğv etmişdi. Gürcüstan Apellyasiya Məhkəməsi isə həmin qərarı qüvvədə saxlayıb.