Bu gün, oktyabrın 13-i Bakı Apellyasiya Məhkəməsində jurnalist Əfqan Muxtarlı barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətə baxılıb.
Bu haqda vəkil Zübeydə Sadıqova məlumat yayıb.
Vəkil deyib ki, müdafiə tərəfi onun həbsdə saxlanmasını əsassız sayır.
«Amma məhkəmə müdafiə tərəfinin bu vəsatətini təmin etmədi», - vəkil bildirib.
Bundan əvvəl ilkin məhkəmə instansiyası da müdafiə tərəfinin eyni vəsatətini yerinə yetirməmişdi.
Z.Sadıqova deyib ki, Ə.Muxtarlı Bakı Apellyasiya Məhkəməsindən artıq Nəsimi Rayon Məhkəməsinə aparılıb. Saat 14-də jurnalistin həbs-qətimkan tədbirinin uzadılması haqda vəsatətə baxılacaq. Bu vəsatəti isə Baş Prokurorluq verib. Jurnalistin həbs müddəti bundan əvvəl də bir dəfə artırılıb.
XATIRLATMA
Jurnalist Əfqan Muxtarlı Gürcüstandan oturum izini alıb. Ancaq bu il mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.
Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.
Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur.
O, son iki ildə Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazılarının müəllifi idi.
Ə.Muxtarlı ilə bağlı Gürcüstanda da istintaq aparılır. İş əvvəlcə bu ölkənin Daxili İşlər Nazirliyində olub, sonra prokurorluğa verilib. Gürcüstan baş naziri və daxili işlər naziri Ə.Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib edib. Bununla belə, istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb.