Azərbaycan pasportu dünyada neçənci yerdədir

Pasport

-

Dünyada ən güclü pasport Sinqapurundur. Çərşənbə günü – oktyabrın 25-də qlobal konsultasiya şirkəti olan Arton Capital Qlobal Pasport İndeksini açıqlayıb.

Bu reytinq “vizasız bal”a əsasən hesablanır, yəni konkret bir pasport sahibi neçə ölkəyə vizasız səyahət edə bilir. Sinqapur pasportu 159 balla birinci yeri tutub. İkinci yerdə 158 balla Almaniya, üçüncü isə 157 balla İsveçdir.

AZƏRBAYCAN VƏ ASİYANIN ÖNƏ ÇIXMASI

Azərbaycan pasportu 63-cü yerdədir, yəni azərbaycanlılar 64 ölkəyə vizasız gedə bilirlər. Gürcüstan 43 (105 ölkə), Ermənistan 68 (59), Rusiya 41 (108), İran 89-cu (36) yerdədir.

*** Buna da bax: Azərbaycan vətəndaşının “viza azadlığı” nə qədərdir? (İnfoqrafika)

Bu siyahıda adətən Avropa pasportları üstünlük təşkil edir. İki il idi Almaniya birinci yerdəydi. Amma Paraqvayın Sinqapur pasportu sahibləri üçün vizanı qaldırması onu başa çıxarıb.

“İlk dəfədir ki, Asiya ölkəsi dünyada ən güclü pasportun sahibidir. Bu, Sinqapurun inkluziv diplomatik münasibətlərinin və səmərəli xarici siyasətinin nəticəsidir”, – Arton Capital-ın direktoru Philippe May deyib.

İlk 20-liyə düşən digər Asiya ölkələri isə Cənubi Koreya (157 ölkəyə vizasız səyahət edə bilirlər), Yaponiya (156) və Malayziyadır (154).

Bu arada Donald Trump prezident seçiləndən ABŞ pasportunun reytinqi düşüb, Türkiyə və Cənubi Afrika respublikası ABŞ pasportu daşıyanlar üçün vizasız rejimi ləğv edib.

İLK ONLUQ

Dünyanın ən güclü pasportlarının ilk 10-luğu belədir:

1. Sinqapur: 159

2. Almaniya: 158

3. İsveç, Cənubi Koreya: 157

4. Danimarka, Finlandiya, İtaliya, Fransa, İspaniya, Norveç, Yaponiya, Böyük Britaniya: 156

5. Luksemburq, İsveçrə, Niderland, Belçika, Avstriya, Portuqaliya: 155

6. Malayziya, İrlandiya, Kanada, Birləşmiş Ştatlar: 154

7. Yunanıstanm, Avstraliya, Yeni Zelandiya: 153

8. Malta, Çexiya Respublikası, İslandiya: 152

9. Macarıstan: 150

10. Sloveniya, Slovakiya, Polşa, Litva, Latviya: 149

Siyahının sonunda Əfqanıstan gəlir, cəmi 22 ölkəylə vizasız rejimi var. Ondan öncəki yerləri Pakistan və İraq (26), Suriya (29) və Somali (34) tutur.