Azərbaycan prezidenti İlham Əliyev noyabrın 10-da Gəncəyə səfərində bir sıra obyektlərin açılışında iştirak edib.
AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı Gəncə Dövlət Filarmoniyasının yeni binasının rəmzi açılışını bildirən lenti kəsib və bina ilə tanış olub. Altımərtəbəli binada inzibati, məşq, qrim, rejissor, istirahət otaqları və bufet yaradılıb. Orada 200-nəfərlik konsert və 300-yerlik iclas zallı, 10 loja və 1 VIP loja da tamaşaçıların ixtiyarına verilib.
Dövlət başçısı sonra, «Majestic Palace» hotelinin tikintisi və «Gəncə Mall» Ticarət Mərkəzi ilə tanış olub.
Prezident habelə, Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrindən ötrü yeni inşa edilən 514-yerlik yataqxana kompleksinə də baş çəkib. Kənd təsərrüfatı naziri Heydər Əsədov İ.Əliyevə bildirib ki, universitetdə 4 min 834 tələbə bakalavriat pilləsi üzrə təhsil alır.
Prezident İlham Əliyev daha sonra da «Grand Qafqaz» Ticarət Kompleksinin açılışında da iştirak edib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev prezident İlham Əliyevə «Grand Qafqaz» Ticarət Kompleksi barədə məlumat verib. O, bildirib ki, kompleksin inşasına 2014-cü ilin may ayında başlanılıb. 2017-ci ilin oktyabrında isə tikinti işləri başa çatdırılıb:
«Ümumi ərazisi 20 hektar, tikintialtı sahəsi isə 83 min 500 kvadratmetr olan kompleksdə hər biri 44 min 100 kvadratmetrlik «modul» tipli beş «Yaşıl market» topdansatış mərkəzi inşa edilib. Burada kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması üçün ay ərzində min ton məhsul qəbuletmə imkanına malik, ümumi sahəsi 4 min 500 kvadratmetr olan anbar tikilib. 5 min 400 kvadratmetr sahədə soyutma sistemi quraşdırılıb».
Prezident İ.Əliyev bu gün, noyabrın 10-da Gəncəyə səfər edib.